Təcrübə və Karyera Mərkəzi
TƏCRÜBƏ VƏ KARYERA MƏRKƏZİ
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Təcrübə və Karyera Mərkəzi (TKM) 2020-ci ildə AzMİU-nun tədris işləri üzrə prorektorluğun nəzdində struktur vahidi kimi təsis olunub.
Mərkəz öz fəaliyyətini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi, AzMİU-nun Nizamnaməsi və Təcrübə və Karyera Mərkəzinin Əsasnaməsi əsasında tənzimləyir.
Təcrübə və Karyera Mərkəzi öz fəaliyyətini həyata keçirərkən AzMİU-nun digər struktur vahidləri, dövlət və özəl müəssisələr, yerli və xarici təşkilatlarla qarşılıqlı əməkdaşlıq edir.
Mərkəz zəruri olan müxtəlif sahələrə uyğun ixtisaslı mütəxəssislərin hazırlanmasını təmin edilməsi, məzun olan tələbələr haqqında məlumatların elektron bazada yerləşdirilməsi, müəssisələrə texniki, təşkilati, konsultativ xidmətlərin göstərilməsi, AzMİU-nun tədris proqramlarına uyğun olaraq müxtəlif təcrübə yönümlü obyektlərdə istehsalat təcrübəsinin təşkil edilməsi, beynəlxalq təcrübəyə uyğun olaraq tədrisin, elmin və istehsalatın əlaqələndirilməsinin təmin edilməsi işini təşkil edir.
Təcrübə və Karyera Mərkəzinin fəaliyyəti müddətində müxtəlif yerli və beynəlxlaq şirkətlərlə, dövlət müəssisələri ilə əməkdaşlıq edir. Mərkəz sənayelərdən nümayəndələrin və AzMİU məzunlarının universitetə dəvət edilməsi, tələbələrlə müxtəlif görüşlərin təşkil olunması istiqamətində fəaliyyət göstərir.
İstehsal və qeyri-istehsal sahələri üzrə fəaliyyət göstərən kadrlar üçün qısa və uzunmüddətli kurslar və təlim proqramlarının təşkili, müxtəlif səviyyəli tədbirlərin keçirilməsi, AzMİU tələbələrinin ölkə daxilində və xaricində təcrübə keçməsi işini digər sturktur bölmələrlə birlikdə təşkil edilməsi, məzunların ixtisas profili üzrə iş imkanlarının dəstəklənməsi və s. kimi məsələlər də TKM-in fəaliyyətinə daxildir.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin bakalavr və magistr səviyyələrində təhsil alan tələbələrinin təcrübə keçmələri Təcrübə və Karyera Mərkəzi tərəfindən Azərbaycan Təhsil Nazirliyinin ali məktəb haqqında təlimatlarına uyğun olaraq planlaşdırılır. Hazırda Mərkəzin Respublikada fəaliyyət göstərən 150-ə yaxın müəssisə ilə təcrübə yönümlü əməkdaşlıq müqaviləsi mövcuddur. Mövcud müqavilələr çərçivəsində Universitetin sonuncu kurs bakalavr və magistr səviyyələrində təhsil alan tələbələri, həmin müəssisələrdə istehsalat və elmi-tədqiqat təcrübələri keçir. İstehsalat təcrübəsi müddətində tələbələrin tədris boyu yiyələndiyi nəzəri bilikləri təcrübədə tətbiq etmələri onların gələcək iş həyatlarında çox böyük rol oynayır.
Mərkəzin əsas vəzifələrindən biri 14 həftə davam edən istehsalat təcrübəsini izləmək və yaranan problemləri aradan qaldırmaqdır.
Universitetin qarşısında duran mühüm məqsədlərdən biri də gələcəkdə dövlətimizin iqtisadi inkişafında vacib yer tutan inşaat sahəsi üçün savadlı, bacarıqlı gənc mütəxəssislər yetişdirməkdir. Bu baxımdan universitetimizi bitirən tələbə və məzunların gələcək karyeralarını qurmalarına dəstək olmaq universitetimiz üçün ən vacib məqamlardan biridir. Bu istiqamətdə universitetin nəzdində yaradılmış karyera mərkəzi tələbələrin və məzunların birinci dəstəkçisidir.
Təcrübə və Karyera mərkəzində universiteti bitirmiş tələbələr haqqında “Məzun məlumat bazası”, eləcə də tələbə və məzunların CV bazası yaradılmışdır.
Mərkəzdə daima yenilənən “Karyera İmkanları” bölməsi də mövcuddur. Burada məzun və tələbələrin iş axtarışına dəstək olmaq üçün müxtəlif sahələrdə fəaliyyət göstərən ən qabaqcıl müəssisələrlə əlaqə yaradılaraq, tələbələrin müsahibələrdə iştirakları üçün şərait yaradılır. Mərkəz tərəfindən öz karyeralarını uğurla qura bilmiş bir sıra fəxri məzunlarımızın iştirakı ilə seminarlar, təlimlər, treninqlər və s. tədbirlər təşkil edilir.