Universitetin Elmi Şurası
Elmi şura haqqında
Əsasnamə
Bu əsasnamə 10 oktyabr 1997-ci il tarixli, 792 saylı əmri ilə təsdiq olunmuş Universitetin Elmi Şurası (bundan sonra Elmi Şura) haqqında Əsasnaməyə, Təhsil haqqında Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş Universitetin Nümunəvi Nizamnaməsinə və digər qanunvericilik aktlarına uyğun hazırlanmışdır.
1. Ümumi müddəalar
1. Elmi Şura universitetin ali idarəetmə orqanıdır. Universitetə ümumi rəhbərlik Elmi Şura tərəfindən həyata keçirilir.
2. Elmi Şuranın tərkibi universitetdə tutduqları vəzifələrinə görə şuranın tərkibinə daxil olanlardan və seçki yolu ilə seçilən üzvlərdən formalaşdırılır.
3. Tutduqları vəzifələrinə görə Elmi Şuranın tərkibinə Universitetin rektoru (sədr), tədris işləri üzrə prorektor (sədr müavini), digər prorektorlar, universitetin elmi katibi, dekanlar, universitetin nəzdindəki İnşaat kollecinin direktorı, əsas şöbə və mərkəz müdürləri, Azad Həmkarlar İttifaqı Komitələrinin (əməkdaşların və tələbələrin), Tələbə-Elmi Cəmiyyətinin və Tələbə Gənclər Təşkilatının sədrləri daxil olur.
4. Elmi Şuranın seçkili üzvlərinin sayı, universitetin ümuni professor-müəllim heyyətinin sayının 3-10 % qədər rektor tərəfindən müəyyənləşdirilir. Seçkili üzvlərin sayı fakültələrin professor-müəllim sayından asılı olaraq mütənasib surətdə bölünür və ümumi iclasda gizli səsvermə yolu ilə seçilir.
5. Elmi Şuranın tərkibinin 10 %-ə qədəri universitetin rektoru tərəfindən ümumi saya əlavə təyin edilə bilər və əlavə üzvlər kimi Elmi şura tərkibinə daxil edilir.
6. Elmi şura üzvlərinin ümumi sayının 2/3 hissəsi iştirak etdikdə iclas səlahiyyətli sayılır.
7. Elmi Şura universitetin tabe olduğu Azərbaycan Respublikasının Təhsil Nazirliyinin göstərişinə əsasən yaradılır və seçilmiş tərkib onun tərəfindən təsdiq edildikdən sonar səlahiyyətli orqan hesab edilir.
8. Elmi Şura tədris ili və hər semestr üçün nəzərdə tutulmuş iş palnı üzrə işləyir. Elmi Şuranın iş planı iclasda müzakirə olunub qəbul edilir və rektor tərəfindən təsdiq edilir.
9. Tədris, elmi və tərbiyə işlərinin bütün məsələləri üzrə Elmi Şuranın qərarları açıq səsvermədə sadə səs çoxluğu ilə, professor-müəllim heyətinin seçilməsi, professor, dosent (gizli) və fəxri adların verilməsinə təqdimat zamanı isə müəyyən olunmuş qaydada (açıq) səsvermə yolula qəbul edilir.
10. Elmi Şuranın qərar çıxarması üçün onun üzvlərinin ən azı 2/3 hissəsinin iştirakı vacibdir. Elmi Şurada iştirak edənlərin ümumi sayının 50 %-dən çoxu müzakirə olunan məsələnin leyhinə səs verərsə qərar qəbul olunmuş hesab edilir.
11. Elmi Şuranın qərarları yalnız universitetin rektoru tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir.
12. Elmi Şuranın iclasları protokollaşdırılır, Elmi Şuranın sədri və katibi tərəfindən imzalanır və elmi katibdə saxlanırlır.
13. Elmi Şuranın sədri Şuranın qərarlarının icrasının müntəzəm yoxlanılmasını təşkil edir və yaradılmış komissiyanın sədri qəbul olunmuş qərarların yerinə yetirilməsi barəsində məlumatı Elmi şura qarşısında verir.
14. Əsaslı səbəblər olduqda – Elmi Şuranın qəbul etdiyi qərarın obyektiv olmadığı, qanunvericiliyə zidd olduğu müəyyənləşdirildikdə Elmi Surasının qərarı Təhsil Nazirliyi tərəfindən ləğv oluna bilər.
15. Universitetin Elmi Şurası aşağıdakı məsələlərə baxır:
15.1. Universitetin Nizamnaməsini və əsasnaməsini, həmçinin fakültələrin, kafedraların və digər struktur bölmələrinin əsasnamələrini qəbul edir, onda əlavələr və dəyişikliklər aparır, tələbələrin, müəllimlərin, əməkdasların, doktorant və dinləyicilərin daxili intizam qaydalarını təsdiq edir;
15.2. Universitetdə mütəxəssis hazırlığı həyata keçirilən ixtisaslar üzrə Tədris planlarını müzakirə və təsdiq edir;
15.3. Universitetin srtateji inkişaf proqramını təsdiq edir;
15.4. Hər il universitetin fəaliyyəti barəsində rektorun hesabatını dinləyir;
15.5. Mütəxəssislərin, elmi-pedaqoji kadrların hazırlanması, onların ixtisaslarının artırılması və yenidən hazırlanması məsələlərinə baxır, bütün təlim-tərbiyə və elmi-tədqiqat işləri ilə bağlı məsələləri həll edir;
15.6. Elmi Şuranın üzvləri içərisindən təhsil və elm, sosial-iqtisadi, təsərrüfat fəaliyyətləri üzrə və Elmi şura qərarlarının yerinə yetirilməsinə nəzarət komissiyalarını yaradır. Onların hesabatlarını dinləyir və müvafiq qərar qəbul edir;
15.7. Fakültələrin, kafedraların və digər struktur bölmələrinin yaradılması, ləğvi, yenidən təşkili barəsində məsələləri həll edir;
15.8. Vaxtaşırı fakültələrin tədris, elmi-tədqiqat və tərbiyə işləri haqqında hesabatını dinləyir;
2. Elmi Şuranın üzvlərinin vəzifə və hüquqları:
2.1. Elmi Şuranın iclaslarında müntəzəm iştirak etmək və reqlamentə ciddi əməl etmək;
2.2. Elmi Şuranın iclasının gündəliyinə və illik iş planına daxil edilən məsələlərlə bağlı təkliflər vermək;
2.3. Müzakirə olunan məsələlərlə bağlı məruzələr və çıxışlar etmək, təkliflər vermək;
2.4. Elmi Şuranın iclaslarında keçirilən gizli və açıq səsvermələrdə iştirak etmək;
2.5. Elmi Şuranın tərkibində yaradılan komissiyalara üzv seçilmək və onların işində iştirak etmək;
2.6. Elmi Şuranın tərkibinin vaxtından əvvəl buraxılması və yenidən təşkili, həmçinin onun növbədənkənar iclasının keçirilməsi ilə bağlı vəsatət qaldırmaq.
Elmi şuranın təşkili:
Elmi şura universitetin ali idarəetmə orqanı olub, universitetin rektoru prof. G.H.Məmmədovanın sədrliyi ilə fəaliyyət göstərir. Elmi şuranın tərkibi universitetdə tutduqları vəzifələrinə görə şuranın tərkibinə daxil olanlardan və seçki yolu ilə seçilən üzvlərdən formalaşdırılır. Tutduqları vəzifələrinə görə Elmi şuranın tərkibinə universitetin rektoru (sədr), tədris işləri üzrə prorektor (sədr müavini), digər prorektorlar, universitetin elmi katibi, dekanlar, universitetin nəzdindəki İnşaat kollecinin direktoru, əsas şöbə və mərkəz müdirləri, Azad Həmkarlar İttifaqı Komitələrinin (əməkdaşların və tələbələrin), Tələbə Elmi Cəmiyyətinin və Tələbə Gənclər Təşkilatının sədrləri daxildir. Elmi Şuranın digər üzvləri universitetin professor-müəllim heyətini təmsil edir və gizli səsvermə yolu ilə, həmçinin rektor tərəfindən müəyyən sayda əlavə edilən üzvlərdən təşkil edilir.
Elmi şuranın fəaliyyət istiqamətləri:
Elmi şura tədris ili və hər semestr üçün nəzərdə tutulmuş və təsdiq edilmiş fəaliyyət planı üzrə işləyir. Elmi şuranın iş planı iclasda müzakirə olunub qəbul edilir. Elmi şura universitetin Nizamnaməsini və bütün struktur bölmələrin əsasnamələrini müzakirə edir, təsdiq edir, lazım olduqda müəyyən əlavələr və dəyişikliklər aparır. Elmi şuranın qərarları açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə, professor və dosent elmi adlarının verilməsi isə müəyyən olunmuş qaydada gizli səsvermə yolu ilə qəbul edilir. Elmi şuranın nəzdində təhsil və elm, sosial-iqtisadi, təsərrüfat fəaliyyətləri üzrə və Elmi şura qərarlarının yerinə yetirilməsinə nəzarət komissiyaları fəaliyyət göstərir. Elmi şura universitetin strateji inkişaf planını qəbul edir, onun icrasını və fəaliyyətin bütün istiqamətlərini nəzarətdə saxlayır. Mövcud komissiyaların yoxlamalarının nəticələrini, qurum rəhbərlərinin hesabatlarını və digər məsələləri müzakirə edir. Hər ilin əvvəlində rektorluğun 1 illik fəaliyyəti barədə hesabatını dinləyir və universitetin 1 illik fəaliyyət planını müəyyənləşdirir.