Uğur hekayələri
Uğur hekayələri
Səmral Mansurov
Veysəloğlu QRUP
İstiqamət: Şəbəkələr və Kibertəhlükəsizlik
Salam, mən Səmral Mansurov. Azərbaycan Memarlıq və İnşaat Universitetində Mexanika və İnformasiya Texnologiyaları fakültəsində təhsil almışam.
Təhsil aldığım müddətdə əldə etdiyim bilik və bacarıqları real iş mühitində tətbiq etmək üçün təcrübə proqramlarına müraciət edirdim. Bunun nəticəsi olaraq 2018-ci ildə “Azericard MMC”-nin elan etdiyi yay təcrübə proqramının İT sahəsi üzrə qalibi seçildim və orada təcrübə keçmək imkanı əldə etdim. Eyni zamanda Azərbaycan Mərkəzi Bankının təşkil etdiyi təcrübə proqramına da müraciət etmişdim və 2020-ci ildə İT sahəsi üzrə proqramda iştirak hüququ əldə etmişdim. Bununla yanaşı 2020-ci ildə CCNA beynəlxalq sertifikat imtahanında iştirak etmiş və uğurlu nəticə əldə etmişəm.
Azericard MMC-də iştirak etdiyim təcrübə proqramı ödənişli əsasla həyata keçirilirdi. Buna görə də bu sahədə ilk gəlirim məhz bu idi. Hazırda Veysəloğlu MMC-də İT mütəxəssis olaraq fəaliyyət göstərirəm.
Motivasiyadan düşdüyüm zamanlar olurdu. Mənim təcrübəmdə buna səbəb vaxtın idarə edilməsi ilə bağlı idi. Belə ki, Universitetdə 2-ci kursda təhsil aldığım zaman günün bir hissəsini universitetdəki təhsilimə, digər hissəsini isə fərdi inkişafıma ayırırdım. Həmçinin, ev tapşırıqları, imtahanlar, dərsə hazırlıq prosesi və s. bütün bunlara da vaxt ayırırdım. Bu halda istirahət üçün çox da zaman qalmırdı. Belə gərgin qrafiklə davam etmək bəzi hallarda məni motivasiyadan salırdı, yorulurdum. Ancaq sevdiyim və mənə maraqlı olan sahədə təhsil almağım, eyni zamanda sonda əldə edəcəyim uğurlara olan inamım hər zaman motivasiyamı bərpa etməyə sövq edirdi. Akademiyadakı təhsilin keyfiyyətli olması və bununla bərabər mənim də davamlı öz üzərimdə çalışmağım uğurun qaçılmaz olmasına əsas verirdi. Motivasiyamın düşdüyü anlarda bütün bunları düşünmək kifayət edirdi ki, artıq mən bütün inamımla irəliyə doğru addımlayım.
Düşünürəm ki, əzmkarlıq hər bir sahədə çox önəmlidir. İT elə bir sahədir ki, daim yeniliklərə açıq olmaq, biliklərini təkmilləşdirmək lazımdır. Buna görə də əzmkar olub öyrənməkdən yorulmamaq tələb olunur. Lakin bu sahədə əzmkarlıqla yanaşı istedad da çox vacib amildir.