Memarlıq fakültəsi
Fakültə haqqında
Memarlıq fakültəsi Azərbaycanda memarlıq təhsilinin əsasını qoymuş elm ocaqlarından biridir. 100 ildən artıq tarixi olan fakültə öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitenin tərkibində İnşaat fakültəsinin bir bölməsi kimi 1920-ci ildən fəaliyyət göstərir. Sonrakı dövrlərdə indiki Texniki Universitinin İnşaat fakültəsinin bir bölməsi olaraq fəaliyyətini davam etdirmiş, 1968-ci ildə isə müstəqil Memarlıq fakültəsi yaradılmışdır. Fakültənin mövcud olduğu illərdə ona ölkənin tanınmış memarları rəhbərlik etmişdir: B.G.Revazov, H.Ə.Məcidov, E.İ.Kanukov, R.H.Əbdülrəhimov, R.M.Sofiyev, N.H.Nağıyev, T.T.Teyyubov, S.H.Orucov, T.Ə.Abdullayev, X.Ə.Cəfərov.
Fakültədə memarlıq üzrə respublikanın ən tanınmış alimləri və praktik memarları fəaliyyətlə məşğul olmuşdur: akademik M.Ə.Useynov, akademik Ə.Ə.Qasımzadə, prof.L.S.Bretanitski, prof.Q.M.Əlizadə, prof.D.A.Axundov, prof.M.N.Nəcəfov, prof.N.Ə.Əliyev, prof.T.H.Muradxanova, prof.R.H.Əliyev, prof.R.M.Həsənov, dos.T.Mehdiyev, dos.N.Kəngərli, prof.N.Rzayev, dos.Q.Ə.Səlimxanov və b. öz bilik və bacarıqlarını yeni nəsil memarlarının formalaşmasına yönəltmişdir.
Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi, şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 11 memarlıq doktoru, 17 professor, 29 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 1 nəfəri “Şərəf”, 2 nəfəri «Şöhrət» ordeni laureatı, 14 nəfəri “Əməkdar memar”, 1 nəfəri “Əməkdar müəllim”, 1 nəfəri Respublika Dövlət mükafatı laureatı, 2 nəfəri isə “Prezident təqaüdçüsü” fəxri adlarına layiq görülmüşdür.
Fakültədə təhsil
Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər. Fakültədə təhsil Azərbaycan, rus və ingilis dillərində aparılır.
Fakültədə ölkənin inşaat və layihə sektorunun müxtəlif sahələri üçün Memarlıq, Dizayn və Şəhərsalma istiqamətləri üzrə bakalavr və magistr mütəxəssis hazırlığı aparılır, burada təhsilin hər iki səviyyəsində 1300-dən artıq tələbə təhsil alır. Fakültənin beynəlxalq səviyyədə reytinqi yüksəkdir. Memarlıq və Dizayn ixtisasları üzrə təhsil alan 200-dən artıq tələbə xarici ölkə vətəndaşlarıdır. Onların arasında Türkiyə, İran, İraq, Suriya, Gürcüstan, Qazaxıstan, Özbəkistan və b. ölkərdən olan tələbələr üstünlük təşkil edir. Universitetdə 3 – səviyyəli təhsil sistemi tətbiq edilir – bakalavriat, magistratura, doktorantura. Fakültənin aparıcı kafedralarında doktorantura səviyyəsində mütəxəssis hazırlığı aparılır. Onların arasında xarici ölkələrdən də doktoranturada təhsil alan tələbələr vardır.
Maddi-texniki bazanın genişləndirilməsi istiqamətində fakültənin yeni tədris binası inşa edilmişdir. Tədris studiyaları üçün nəzərdə tutulmuş geniş və işıqlı auditoriyalar, kompüter laboratoriyası, maket emalatxanası, foto və prototipləşdirmə studiyaları yaradılmış, layihə studiyaları Türkiyənin TİKA təşkilatının maddi dəstəyi ilə müasir kompüter avadanlıqları ilə təmin edilmişdir.
Hazırda fakültədə bakalavr səviyyəsində “İnteryer dizaynı” və “Qrafik dizayn”, magistr səviyyəsində isə “Dizayn” və yeni ixtisas olan “Vizual dizayn və media” üzrə mütəxəssis hazırlığı da aparılır. AzMİU-nun məqsədi Milan Politexnik Universitetinin təcrübəsinə əsaslanaraq Azərbaycanda dizayn təhsilini nümunəvi səviyyəyə yüksəltmək və dizaynın bütün sahələri üzrə – mühit, sənaye, poliqrafiya, vizual dizayn, əşya - mütəxəssis yetişdirməkdir. Bu məqsədlə 2018-ci ildən Milan Politexnik Universitetilə ikili diplom proqramı üzrə bakalavr səviyyəsində pilot kurrikulum əsasında tədris aparılır.
2017-ci ilgən isə bakalavr səviyyəsində müasirləşən və yenilənən Azərbaycan üçün çox gərəkli olan “Şəhərsalma” ixtisası üzrə mütəxəssis hazırlığına başlanılmışdır.
Tədrisin təşkili
Fakültədə dərslər layihə, mühazirə və məşğələ formatında tədris edilir. İxtisaslardan asılı olaraq layihə yönümlü fənlər kurs layihəsi, kurs işindən ibarətdir və bir-birini ardıcıl şəkildə tamamlayaraq bütün tədris boyu davam edir.
Tələbənin biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir:
dərsə davamiyyətə görə - 10 bal
sərbəst işə görə - 10 bal
məşğələ, seminar və ya laboratotiya dərslərinin nəticələrinə görə - 30 bal
Əgər fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulubsa, onda məşğələ (seminar) və laboratoriya dərslərinə görə 20 bal, kurs işinin (layihəsinin) hazırlanması və müdafiəsinə görə 10 bal verilir.
Tələbənin imtahanda topladığı bal, 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 25%-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır.
Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:
51 baldan aşağı |
- "qeyri-kafi" (F) |
51-60 bal |
- "qənaətbəxş" (E) |
61-70 bal |
- "kafi" (D) |
71-80 bal |
- "yaxşı" (C) |
81-90 bal |
- "çox yaxşı" (B) |
91-100 bal |
- "əla" (A) |
4-cü kurs tələbələri, sonuncu (VIII) semestrdə müvafiq ixtisaslara aid müəssisə və qurumlarda təyin edilmiş təcrübə rəhbərinin nəzarəti ilə 14 həftəlik Texnoloji İstehsalat təcrübəsi keçir və sonda 100 ballıq sistem üzrə universitetdə yaradılmış komissiya tərəfindən qiymətləndirilir.
Tələbələr Yekun attestasiya üzrə Dövlət imtahanını verərək və ya buraxılış işini müdafiə edərək universiteti bitirmiş hesab edilir.
İmtahanlar universitet tərəfindən mərkəzləşdirilmiş test və yazılı formatda təşkil edilir, layihə yönümlü və qabiliyyət tələb edən rəsm, rəngkarlıq, heykəltəraşlıq və maketləşdirmə kimi fənlərin imtahanları isə fakültədə aparılır. Tələbə işləri (kurs layihələri, maketlər, rəsm və s.) kodlaşdırılır, fakültə tərəfindən tərtib edilmiş xüsusi meyarlara əsasən komissiya tərəfindən qiymətləndirilir. Müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr təhsil aldığı müddətdə hər hansı fənn üzrə semestr imtahanını müvəffəqiyyətlə vermədiyi halda, akademik borc yaranır. Akademik borcun ləğv edilməsi üçün tələbənin dekanlığa müraciəti əsasında müvafiq semestr üzrə fərdi və alt qruplar üzrə dərslərdə iştirak edir və semestrin sonunda imtahan təşkil edilir. “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli, 348 nömrəli qərarında dəyişikliklər edilməsi barədə 3.2.14 bəndinə əsasən akademik borcun ləğv edilməsi üçün tələbənin dekanlığa müraciəti əsasında uyğun semestr üzrə müvafiq fənnin kreditinin 25 % ödənişilə təkrar imtahan verərək akademik borcunu ləğv etməsi imkanı mövcuddur.
Təhsil haqları
Memarlıq və Dizayn ixtisasları üçün təhsil haqqı 2500 azn, “Şəhərsalma” ixtisası üçün isə 2000 azn təşkil edir. Əcnəbi tələbələrin təhsil haqqı isə 2500 usd –dir. Mövcud qaydalara əsasən sessiyanın nəticələri üzrə dövlət sifarişi ilə təhsil alan tələbələrin sayı qədər təqaüd yerləri ayrılır və müsabiqədə ödənişli tələbələr də iştrak etməklə onlara əlaçı, zərbəçi və adi təqaüdlər verilir. Hər semestr tələbələrə əlavə təqaüd yerləri də ayrılır ki, bu zaman akademik kredit borcu olmayan tələbələr də təqaüd almaq imkanlarına malik olurlar.
Beynəlxalq akkreditasiya
2019-cu il Memarlıq fakültəsi üçün daha bir uğurla yadda qaldı. Belə ki, yüksək təhsil səviyyəsi ilə təkcə ölkəmizdə deyil, onun sərhədlərindən çox-çox uzaqlarda da tanınan fakültə bakalavr səviyyəsi üzrə Memarlıq ixtisası memarlıq sahəsində bütün dünyada tanınan, nüfuzlu Britaniya Memarlarının Kral İnstitutunun (RİBA) 5 illik akkreditasiyasını əldə etmişdir.
RİBA-nın akkreditasiyasının hazırlıq mərhələsində əsas hədəf kompleks kurs layihələri və buraxılış işlərinə verilən tələblərin kökündən dəyişdirilməsi, layihə tapşırıqların məzmununun yenilənməsi, həmin layihələrdə tələbənin universitetdə təhsil aldığı müddətdə əldə etdiyi bilik və bacarıqların cəmləşdirilməsi idi.
Beynəlxalq əlaqələr
Fakültənin beynəlxalq təhsil əlaqələri genişdir. 2006-cı ildə UNESCO - nun xətti ilə ABŞ-ın Minnesota Universiteti ilə birlikdə İçərişəhər abidələrinin inventarlaşdırılması aparılmışdır. İtaliyanın «Romualdo Del Bianko» Fondu, Florensiya Universiteti və Avstriyanın Vyana Universitetinin memarlıq fakültəsiylə birgə layihələr həyata keçirilmişdir. 2008-ci ildə fakültənin əməkdaşları və bərpa ixtisası üzrə təhsil alan tələbələri Florensiya Universitetinin professor və tələbələriylə birlikdə UNESCO-nun xəttiylə Florensiyada və Bakıda keçirilən Work-Shop-larda istirak etmişdir. Layihə İçərişəhər nümunəsində memarlıq abidələrinin müasir tədqiqat metodlarına həsr olunmuşdur.
AzMİU-nun İtaliya ilə əlaqələri genişdir. 2018-ci ildə dövlətlərarası imzalanmış müqaviləyə əsasən Milan Politexnik Universitetiylə birlikdə “İtaliya – Azərbaycan” Dizayn mərkəzi yaradılmışdır. Son illər İtaliya səfirliyinin təşəbbüsü ilə AzMİU-nun müəllim və tələbələrinin italyan memar və dizaynerlərlə görüşləri keçirilir. Belə ki, 2017-ci və 2018-ci ilin mart ayında Azərbaycan Memarlıq və İnşaat Universitetində İtalyanın Azərbaycandakı Səfirliyi və İtaliya Müəssisələrinin Təşviqi və Beynəlmiləlləşdirilməsi Təşkilatı (ICE) tərəfindən təşkil olunmuş və dünyanın 100-dən çox ölkəsində “Italy’s Design Day-İtalyansayağı Dizayn Günü” adı altında həyata keçirilən tədbir Azərbaycanda AzMİU-nun bazasında baş tutmuşdur.
Fakültənin Türkiyə, Qazaxıstan, Gürcüstan, Rusiya memarlıq məktəbləri, Ukrayna, Florensiya, MilanTexniki, Lissabon Universitetləri, Fransa Memarlıq məktəbləri ilə əlaqələri genişdir. Assosiasiyası REA –nın üzvü olaraq, həmin assosiasiya tərkibində beynəlxalq müsabiqələrdə iştirak edir.
Beynəlxalq müsabiqələr
Fakültə məzunlarının bakalavr və magistr səviyyəsi üzrə buraxılış işləri və dissertasiyaları MDB ölkələri memarlıq universitetləri (MOOCAO), İtaliyada keçirilən Beynəlxalq konfranslar və müsabiqələrdə, Fransanın təşkil etdiyi Şərqi Avropa memarlıq məktəblərinin beynəlxalq REA birliyinin festivallarında layiqli şəkildə təmsil olunur. Müxtəlif illərdə İtaliyanın «Del Bianko» fondunun Bakıda keçirilən regional festivallarında buraxılış işləri fəxri yerlərə layiq görülmüşdür. 1971-ci ildən MOOCAO-nun buraxılış işlərinin müsabiqələrində iştirak edən universitet həmişə yüksək uğurlara imza atmışdır.
2014-cü ilin oktyabrında Azərbaycan Memarlıq və Inşaat Universiteti və Azərbaycan Memarlar İttifaqının təşəbbüsü ilə buraxılış işlərinin XXIII beynəlxalq baxış – müsabiqəsi keçirilmişdir. Müsabiqədə 57 ali memarlıq məktəbi, eyni zamanda memarlıq və dizayn üzrə mütəxəssislər hazırlayan respublika universitetləri də iştirak etmişdir. Fakültə MOOCAO-nun təşkil etdiyi memarlıq və dizayn üzrə buraxılış işlərinin beynəlxalq baxış - müsabiqələrində hər il uğurla iştirak edir.
Master-klasslar
Tanınmış mütəxəssislərin «ustad-dərsləri» çərçivəsində (əməkdar memarlar Nəriman İmaməliyev, F.Miralayev, tanınmış italiylı memar Laura Peretti, ABŞ-ın Kolumbiya Universitetinin professoru Mark Xidekel, ABŞ professor Fillip Miçlinq, Buxarest Universitetinin professoru Katalin D.Konstantin, Fransanın Paris Val de Seine Memarlıq Məktəbinin dosenti Fabien Bellat, İstanbul Yeditepe Universitetinin professoru Gülçin Kücükkaya, Praqa Texniki Unversitetinin prof. Karel Smejkal, Vilnüsün Gediminas Dövlət Texniki Universitetinin professoru Gintaras Stauskis və b.) geniş və ətraflı mühazirələrin təşkili də fakültədə ənənə halını almışdır.
Əməkdaşlıq sahələri
Fakültə Respublikanın Səhərsalma və Arxitektura Komitəsi, Azərbaycanın Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, “İçərişəhər Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsi, Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət, Arxeologiya İnsstitutları, «Azərbərpa» Elmi - Tədqiqat Layihə İnstitutu, Memarlıq və Dizayn üzrə qeyri-dövlət şirkətləri ilə təcrübi və elmi sahədə sıx əlaqələri davam etdirir.
Karyera imkanları
Fakültənin tələbə və magistrləri “Azərbərpa” ETLİ, “Azərdövlətlayihə”, “Azərtikintilayihə”, “Bakıdövlətlayihə” layihə institutlarında, “İçərişəhər Dövlət Tarix-Memarlıq qoruğunda, “PAŞAINŞAAT”, PMD, “EmbaWOOD”, “Aksessuar İnşaat”, “Knauf” kimi tanınmış şirkətlərdə istehsalat təcrübəsi keçir və uğurla çalışırlar.
Memarlıq fakültəsi universitetimizin ən qocaman elm-təhsil ocağıdır. Azərbaycanda memarlıq ali təhsilinin 100 illik tarixi bu fakültəylə bağlıdır. Burada tədrisin, demək olar ki, bütün mütərəqqi forma və metodlarından istifadə olunur.
Fakültənin müəllimləri və tələbələri fərdi yaradıcılıq sərgisi, buraxılış işləri və magistr dissertasiyası sərgilərinin təşkilində də fəallıq göstərirlər. Tələbələr respublikanın və universitetin ictimai-siyasi həyatında əlamətdar hesab edilən tədbirlərdə, bayram şənliklərində, xeyriyyə aksiyalarında yaxından iştirak edirlər.
Studiya-auditoriyalar
Fakültədə bir kompüter tədris studiyası mövcuddur. Burada Memarlıq və Şəhərsalma ixtisasları üzrə - Rəqmsal modelləşdirilmə, Dizayn ixtisası üzrə isə Kompüter qrafikası fənnləri keçirilir. Rəqəmsal modelləşdirilmə dərsində AutoCad poqramında layihələrin 2-ölçülü və 3-ölçülü şəkildə kömpüterə köçürülməsi öyrədilir. Bundan əlavə sərbəst işlərdə Revit və Sketchup proqramlarında nümunələr göstərilir. Kompüter qrafikası dərsində Adobe İllustrator, Adobe Photoshop, AutoCad, Cinema 4D proqramları öyrədilir. Auditoriyada ümumilikdə 26 ədəd kompüter var.
Ağac Emalı studiyası 13 noyabr 2015-ci il tarixinda “Embawood” mebel şirkəti və AzMİU arasında imzalanmış memorandum əsasında fəaliyyətə başlamışdır. AzMiU-nun müəllim və tələbələrinin ölkəmizdə mebel sanayesi haqda daha çox malumatı olmalarina, yüksək potensiala malik kadrlarin yetişdirilməsini təmin etmək, tələbələri yen texnologiyalar və yeni materiallarla taniş etmək, universitet tələbələrinin fərdi şəkildə işləmələri və maket işlərini yerimə yetirmək üçün nəzərdə tutulub.
Maketləşdirmə laboratoriyası tələbələrinin maketlərinin və yaradıcı tapşırıqları yerinə yetirilməsi üçün nəzərdə tutulmuşdur. Laboratoriyada, müxtəlif alət və tərtibatlar, kağız, karton, foreks və digər maketləşdirmə materiallatı ilə işləmək üçün nəzərdə tutulan vasitələr də vardır. Burada tələbələr müxtəlif növ innovativ layihələrin yerinə yetirilməsində əvəzsiz əyani vəsait olan maketləri hazırlamaq sirlərinə yiyələnirlər.
Foto laboratoriya tələbələrin Fotoqrafiya istiqaməti üzrə studiya çəkilişlərinin texnikalarını öyrənmək və tətbiq etmək üçün nəzərdə tutulmuşdur. İşıq çətirləri, reflekor, ikili fon və fotoaparatla təchhiz olunmuş laboratoriya tələbələrin peşəkar müəllimlər ilə fotoqrafiya sənətinin incəliklərini öyrənməyi üçün əlverişli şəraitə malikdir.
3D Prototipləşdirmə laboratoriyası tələbələrin layihələrinin müəyyən detallarını 3d printerlərdə çap etmələri üçün nəzərdə tutulmuşdur. Burada həmçinin 3 ədəd 3D printer, 2 plotter, 2 ağ-qara lazer printeri və 1 ədəd 3D skanner də tələbələrin istifadəsinə verilmişdir. Tələbələr həm müstəqil həm də müəllimlərin köməyi ilə bu avadanlıqlarda öz tapşırıqlarını yerinə yetirə bilirlər.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Dizayn kafedrasında Aksesuar İnşaat laboratoriyası 2015-ci ildə açılıb.
İnşaat materialları və avadanlıqlarından ibarət yaradılmış laboratoriyanın məqsədi Dizayn ixtisası üzrə tədris planında yer almış İnteryer dizaynı, Layihələndirmə və digər fənlərin tədrisi zamanı layihələrdə tətbiq edilən material kataloqları ilə işləmək, bu prosesdə istifadə edilən materialların xüsusiyyətlərini öyrənmək, texniki avadanlıqların mühitə nəzərən düzgün seçim edilməsi və tətbiqi imkanlarını mənimsəmək, döşəmə və divar səthlərinin üzlük materialları ilə tanış etməkdir.