Tədrisin təşkili


Tədrisin təşkili

Dərslər mühazirə və seminar formasında təşkil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və universitetin müvafiq qərar və əmrləri əsasında aparılır. Tələbələr hər semestr dərs başlamazdan əvvəl fərdi tədris planlarını dekanlıqda təsdiq edir, onlara özünə nəzarət qrafikləri və kredit təhsil sisteminə aid əsasnamələr təqdim olunur. Tədris prosesi zamanı tələbənin biliyinin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları və kredit təhsil sisteminin əsasnaməsinə uyğun aparılır. Aralıq və cari qiymətləndirmə aparıldıqdan sonra tələbənin fənn üzrə müvəffəqiyyət göstəricisi müəyyən olunur. Təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi prosesi tədris olunan fənlərdən asılı olaraq semestrin (payız və yaz semestri) sonunda test və yazılı imtahan üsulu ilə keçirilir. 

Tələbənin biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir:

dərsə davamiyyətə görə  - 10 bal

sərbəst işə görə - 10 bal

məşğələyə görə - 30 bal

Əgər fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulubsa, onda məşğələ (seminar) və laboratoriya dərslərinə görə 20 bal, kurs işinin (layihəsinin) hazırlanması və müdafiəsinə görə 10 bal verilir. 

Tələbənin imtahanda topladığı bal, 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 25%-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır. 

Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:

51 baldan aşağı

- "qeyri-kafi"  (F)

51-60 bal

- "qənaətbəxş"  (E)

61-70 bal

- "kafi" (D)

71-80 bal

- "yaxşı" (C)

81-90 bal

- "çox yaxşı" (B)

91-100 bal

"əla" (A)

4-cü kurs tələbələri, sonuncu semestrdə müəssisə və qurumlarda təyin edilmiş təcrübə rəhbərinin nəzarəti ilə 4 həftəlik istehsalat təcrübəsi keçir və sonda 100 ballıq sistem üzrə universitetdə yaradılmış komissiya tərəfindən qiymətləndirilir.

Müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr təhsil aldığı müddətdə hər hansı fənn üzrə semestr imtahanını müvəffəqiyyətlə vermədiyi halda, akademik borc yaranır. Akademik borcun ləğv edilməsi üçün tələbənin dekanlığa müraciəti əsasında müvafiq semestr üzrə fərdi və alt qruplar üzrə dərslərdə iştirak edir və semestrin sonunda imtahan təşkil edilir. “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli, 348 nömrəli qərarında dəyişikliklər edilməsi barədə 3.2.14 bəndinə əsasən akademik borcun ləğv edilməsi üçün tələbənin dekanlığa müraciəti əsasında uyğun semestr üzrə müvafiq fənnin kreditinin 25 % ödənişilə təkrar imtahan verərək akademik borcunu ləğv etməsi imkanı mövcuddur.

Təhsil haqları

İxtisaslar üzrə illik təhsil haqqı əyani şöbə üzrə 2300 AZN, qiyabi şöbə üzrə isə 1900 AZN-dir. Mövcud qaydalara əsasən semestr nəticələri üzrə dövlət sifarişi ilə təhsil alan tələbələrin sayı qədər təqaüd yerləri ayrılır və müsabiqədə ödənişli tələbələr də iştirak etməklə onlara adi (aylıq 100 AZN), zərbəçi  (aylıq 145 AZN) və əlaçı (aylıq 175 AZN) təqaüdləri verilir. Hər semestr tələbələrə əlavə təqaüd yerləri də ayrılır ki, bu zaman akademik kredit borcu olmayan tələbələr də təqaüd alamaq imkanlarına malik olurlar.

Karyera imkanları

Fakültənin bütün məzunları iqtisadiyyat, marketinq, biznes və idarəetmə sahələrində işləyə bilərlər.























11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]