Dizayn fakültəsi
Müasir dövrlə səsləşən Memarlıq Dizaynı təhsilinin məhz “Memarlıq kompozisiyası” kafedrasında qurulmasının bir sıra obyektiv səbəbləri olmuşdur. Bu səbəb və zərurətlərin qeyd olunması adı çəkilən kafedranın artıq yeni ad altında fəaliyyət göstərməsi ilə əlaqədar xüsusi əhəmiyyət kəsb edir.
1969-cu ildə təşkil olunmuş “Memarlıq kompozisiyası” kafedrası 1984-cü ildən 1992-ci ilə qədər memarlıq namizədi dosent S.Ə.Dadaşovun rəhbərliyi altında özünün parlaq tarixi dövrlərini yaşamışdır.
Məhz bu dövrlərdə S.Ə.Dadaşovun Xudu Məmmədov, Asif Əfəndiyev kimi alim mütəfəkkirləri, Qaudi, Le-Karbuzye, Saleri və F.Otto kimi dahi memarların tədqiqatçısı Y.D.Polojayı kafedranın işinə cəlb etməsi kafedrada yüksək elmi-yaradıcı, mənəvi-psixoloji mühitin formalaşmasına təsir etmişdir.
Avanqard elmi-metodoloji istiqamətlərin, sənətdə ənənəvi və fundamental bədii estetik formayaranışı prinsiplərinin, kalliqrafiya, miniatur, xalçaçılıq, milli sənətkarlıq nümunələrinin formal quruluş sirlərinin memarlığın tədrisi prosesinə metodoloji tətbiqi qeyd olunan dövrün səciyyəvi cəhətlərindən olmuşdur. Bu dövrlərdə kafedrada işləmiş alim və mütəxəsislər arasında S.Ə.Dadaşova, Ə.Cabbarov, V.A.Tağıyeva, L.S.Musayeva, Z.Ə.Səlimova, A.Useynova, N.C.Abdullayeva, T.U.Revazova və başqalarının adlarını qeyd etmək olar.
“Memarlıq kompozisiyası” kafedrasının 1993-cü ildən 2000-ci ilə qədərki dövrü yeni 2 pilləli təhsil sisteminə keçidlə başlandığından çətin, yeniliklərlə zəngin və özünəqayıdış dövrü kimi xarakterizə oluna bilər. Bu dövrdə kafedraya Moskva Memarlıq İnstitutunda təhsil almış və orada namizədlik dissertasiyası müdafiə etmiş, “Mühit dizaynı” ixtisası üzrə tədris planlarını və işçi fənn proqramlarını hazırlamış S.H.Orucov rəhbərlik etmişdir.
Bu dövrün xarakterik cəhətlərindən biri odur ki, kafedrada 1994-cü ildən başlayaraq ənənəvi baza təhsili işinə əlavə olaraq yeni “Mühit dizaynı” ixtisası üzrə mütəxəssis hazırlığına başlanıldı. Nəticə etibarı ilə “Layihələndirmənin əsasları”, “Həcmi-fəza kompozisiyası” və “Memarlığın tarixi” ilə bağlı bir sıra fənlərlə yanaşı, “Bədii konstruksiyalaşdırma”, “Modelləşmə”, “Dizayn layihələndirmələri” və s. kimi fənlərin tədrisi kafedranın elmi, tədris, metodoloji istiqamətlərini artırdı və yeni, cavan mütəxəssislərin kafedranın işinə cəlb olunmasına şərait yaratdı. Kafedra 1998-ci ildə “Mühitin dizayn”ı ixtisası üzrə ilk bakalavr, 2000-ci ildə isə magistr buraxılışlarını reallaşdırdı. 1999-cu ildə beynəlxalq dövlətlər arasında keçirilən tələbə diplom işlərinin müsabiqəsinə göndərilmiş üç bakalavr diplom işlərindən ikisi I, biri isə II dərəcəli diplomlara layiq görülmüşlər. 2000-ci ildən keçirilmiş müxtəlif Beynəlxalq diplom işlərinin müsabiqələrində hər il diplom işləri I, II dərəcəli diplomlara layiq görülmüşdür.
“Memarlıq kompozisiyası” kafedrasında 1994–2000-ci ilə qədər aparılmış işlərin məntiqi yekunu olaraq 27 aprel 2000-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru prof.G.H.Məmmədova 172 R saylı əmri ilə “Dizayn” kafedrasını yaratdı. Daha sonra o, 131 ş/d saylı 10.05.2022-ci il tarixli əmri ilə “Dizayn” kafedrasının əsasında böyük potensial və dərs yükünün imkanlarının yaranmasını nəzərə alaraq iki kafedranın yaradılması həyata keçirildi. Bunlar hazırda ”Mühit dizaynı” və “Qrafik və media dizaynı” kafedralarıdır. Nəhayət, görülmüş işlərin məntiqi davamı olaraq, eləcə də əmək bazarında “Dizayn” ixtisası üzrə mütəxəssislərə tələbatın çox olmasını, bu ixtisas üzrə təhsil almaq istəyənlərin sayının ildən ilə artmasını, universitetdə ixtisas üzrə kifayət qədər professor-müəllim potensialının və maddi-texniki bazanın mövcudluğunu nəzərə alaraq və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq Əsasnaməsini rəhbər tutaraq Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru prof.G.H.Məmmədova 12.02.2024 tarixli 47/Ş-01 saylı əmri ilə “Dizayn” fakültəsini yaratdı. Fakültənin yaradılmasında əsas məqsəd ölkəmizdə dizayn ixtisası üzrə təhsil alan savadlı və bacarıqlı mütəxəssislər yetişdirmək, dizayn ixtisasını daha yüksək səviyyəyə qaldırılmaq və inkişaf etdirməkdir.
Artıq 2023-2024-cü tədris ilindən fakültədə bakalavr səviyyəsində - Dizayn (sahələr üzrə) və magistratura səviyyəsində isə Memarlıq mühitinin dizaynı, Dizayn və texniki estetika, Vizual dizayn və media ixtisasları üzrə tədris aparılır.
Professor-müəllim heyəti
Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti dizayn, memarlıq layihələndirilməsi, şəhərsalma sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hazırda fakültədə 3 elmlər doktoru, 5 professor, 15 fəlsəfə doktoru, 9 dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 1 nəfəri «Şöhrət» ordeni laureatı, 2 nəfəri “Əməkdar memar”, 1 nəfəri “Əməkdar müəllim”, 1 nəfər Qabaqcıl Təhsil İşçisi, 1 nəfəri Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.
Fakültədə təhsil
Fakültəyə daxil olmaq istəyən abituriyentlər Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış və qəbul (test) imtahanlarında iştirak edir və rəsmdən qabiliyyət imtahanı verirlər. Fakültədə təhsil Azərbaycan, rus və ingilis dillərində aparılır.
Fakültədə müxtəlif sahələr üçün Dizayn (sahələr üzrə) ixtisası üzrə bakalavr və magistr mütəxəssisi hazırlığı aparılır. Təhsilin hər iki səviyyəsində ümumilikdə 1000-ə yaxın tələbə təhsil alır. Beynəlxalq səviyyədə fakültənin reytinqi yüksəkdir. Fakültədə xarici ölkə vətəndaşları da təhsil alır. Onların arasında Türkiyə, Rusiya, Çin, Türkmənistan, Gürcüstan, Qazaxıstan və başqa ölkələrdən olan tələbələr üstünlük təşkil edir. Universitetdə üç səviyyəli təhsil sistemi tətbiq edilir – bakalavriat, magistratura, doktorantura. Fakültənin aparıcı kafedralarında doktorantura səviyyəsində mütəxəssis hazırlığı da aparılır ki, onların arasında xarici ölkələrdən olan vətəndaşlar da az deyil.
Tədris korpusunda keyfiyyətli tədris üçün nəzərdə tutulmuş geniş və işıqlı auditoriyalar, kompüter laboratoriyası, ağac email və maketləşdirmə emalatxanaları, foto və sürətli prototipləşdirmə studiyaları, müasir kompüter avadanlıqları ilə təmin edilmiş layihə studiyaları yaradılmışdır.
Hazırda fakültədə bakalavr səviyyəsində “İnteryer dizaynı” və “Qrafik dizayn”, magistr səviyyəsində isə “Dizayn və texniki estetika”, “Vizual dizayn və media” üzrə mütəxəssis hazırlığı aparılır. Məqsədimiz Milan Politexnik Universitetinin təcrübəsinə əsaslanaraq Azərbaycanda dizayn təhsilini nümunəvi səviyyəyə yüksəltmək və dizaynın bütün sahələri üzrə – mühit, sənaye, poliqrafiya, vizual dizayn, əşya dizaynı – mütəxəssis yetişdirməkdir. Bu məqsədlə 2018-ci ildən Milan Politexnik Universitetilə ikili diplom proqramı üzrə bakalavr səviyyəsində pilot kurrikulum əsasında tədris aparılır.
Tədrisin təşkili
Fakültədə dərslər mühazirə, məşğələ və layihə formatında tədris edilir. İxtisaslardan asılı olaraq layihəyönümlü fənlər kurs layihəsi və kurs işindən ibarətdir. Bunlar bir-birini ardıcıl şəkildə tamamlayaraq bütün tədris boyu davam edir.
Tələbənin biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir:
-dərsə davamiyyətə görə - 10 bal
-sərbəst işə görə - 10 bal
-məşğələ, seminar və ya laboratotiya dərslərinin nəticələrinə görə - 30 bal
Əgər fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulubsa, onda məşğələ (seminar) və laboratoriya dərslərinə görə 20 bal, kurs işinin (layihəsinin) hazırlanması və müdafiəsinə görə 10 bal verilir.
Tələbənin imtahanda topladığı bal, 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 25%-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır.
Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:
51 baldan aşağı |
- "qeyri-kafi" (F) |
51-60 bal |
- "qənaətbəxş" (E) |
61-70 bal |
- "kafi" (D) |
71-80 bal |
- "yaxşı" (C) |
81-90 bal |
- "çox yaxşı" (B) |
91-100 bal |
- "əla" (A) |
4-cü kurs tələbələri, sonuncu (VIII) semestrdə müvafiq ixtisaslara aid müəssisə və qurumlarda təyin edilmiş təcrübə rəhbərinin nəzarəti ilə 14 həftəlik “Texnoloji İstehsalat təcrübəsi” keçir və sonda 100 ballıq sistem üzrə universitetdə yaradılmış komissiya tərəfindən qiymətləndirilir.
Tələbələr Yekun attestasiya üzrə buraxılış işini müdafiə edərək universiteti bitirmiş hesab edilirlər.
İmtahanlar universitet tərəfindən mərkəzləşdirilmiş test və yazılı formatda təşkil edilir, layihəyönümlü və qabiliyyət tələb edən rəsm, rəngkarlıq, heykəltəraşlıq və maketləşdirmə kimi fənlərin imtahanları isə fakültədə keçirilir. Tələbə işləri (kurs layihələri, maketlər, rəsm və s.) kodlaşdırılır və fakültə tərəfindən tərtib edilmiş xüsusi meyarlara əsasən komissiya tərəfindən qiymətləndirilir. Müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr təhsil aldığı müddətdə hər hansı fənn üzrə semestr imtahanını müvəffəqiyyətlə vermədiyi halda, akademik borc yaranır. Akademik borcun ləğv edilməsi üçün tələbənin dekanlığa müraciəti əsasında müvafiq semestr üzrə fərdi və alt qruplar üzrə dərslərdə iştirak edir və semestrin sonunda imtahan təşkil edilir. “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli, 348 nömrəli qərarında dəyişikliklər edilməsi barədə 3.2.14 bəndinə əsasən akademik borcun ləğv edilməsi üçün tələbənin dekanlığa müraciəti əsasında uyğun semestr üzrə müvafiq fənnin kreditinin 25 % ödənişilə təkrar imtahan verərək akademik borcunu ləğv etməsi imkanı mövcuddur.
Təhsil haqları
Dizayn ixtisası üçün təhsil haqqı 2500 azn-dir. Əcnəbi tələbələrin təhsil haqqı isə 2500 usd –dir. Mövcud qaydalara əsasən sessiyanın nəticələri üzrə dövlət sifarişi ilə təhsil alan tələbələrin sayı qədər təqaüd yerləri ayrılır və müsabiqədə ödənişli tələbələr də iştrak etməklə onlara əlaçı, zərbəçi və adi təqaüdlər verilir. Hər semestr tələbələrə əlavə təqaüd yerləri də ayrılır ki, bu zaman akademik kredit borcu olmayan tələbələr də təqaüd almaq imkanlarına malik olurlar.
Beynəlxalq əlaqələr
AzMİU-nun İtaliya ilə əlaqələri genişdir. 2018-ci ildə dövlətlərarası imzalanmış müqaviləyə əsasən Universitetdə Milan Politexnik Universiteti ilə birlikdə İtaliya–Azərbaycan Dizayn mərkəzi yaradılmışdır. Son illər İtaliya səfirliyinin təşəbbüsü ilə AzMİU-nun müəllim və tələbələrinin italyan memar və dizaynerlərlə görüşləri keçirilir. Belə ki, 2017-ci və 2018-ci ilin mart ayında Azərbaycan Memarlıq və İnşaat Universitetində İtalyanın Azərbaycandakı Səfirliyi və İtaliya Müəssisələrinin Təşviqi və Beynəlmiləlləşdirilməsi Təşkilatı (ICE) tərəfindən təşkil olunmuş və dünyanın 100-dən çox ölkəsində “Italy’s Design Day-İtalyansayağı Dizayn Günü” adı altında həyata keçirilən tədbir Azərbaycanda AzMİU-nun bazasında baş tutmuşdur.
Fakültənin Türkiyə, Qazaxıstan, Gürcüstan, Rusiya memarlıq məktəbləri, Ukrayna, Florensiya, MilanTexniki, Lissabon Universitetləri, Fransa Memarlıq məktəbləri ilə əlaqələri genişdir.
Beynəlxalq müsabiqələr
Fakültə məzunlarının bakalavr və magistr səviyyəsi üzrə buraxılış işləri və dissertasiyaları MDB ölkələri memarlıq universitetləri müsabiqəsində (MOOCAO), Bakıda keçirilən regional festivallarında buraxılış işləri fəxri yerlərə layiq görülmüşdür.
Master-klasslar
Fakültənin mütamadi olaraq tanınmış beynəlxalq və yerli şirkətlər və mütəxəssislərlə master-klassları keçirilməkdədir.
Əməkdaşlıq sahələri
Fakültə Respublikanın Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycanın Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, "İçərișəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Dənizkənarı Bulvar İdarəsi, Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutu, Azərbaycan Milli Xalça Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Müasir İncəsənət Muzeyi, YARAT Müasir İncəsənət Məkanı eləcə də müxtəlif Memarlıq və Dizayn üzrə firma və șirkətlərlə təcrübi və elmi sahadə sıx əlaqələri davam etdirir.
Karyera imkanları
Fakültənin tələbə və magistrləri "Azərdövlətlayihə", "Azərtikintilayihə", "Bakıdövlətlayihə" layihə institutlarında, İçərişəhər Dövlət Tarix-Memarlıq qoruğunda, "PAŞAİNȘAAT", PMD, "EmbaWOOD", "Aksessuar İnșaat", “Knauf” kimi tanınmış șirkətlərdə istehsalat təcrübəsi keçir və uğurla çalışırlar.
Fakültənin müəllim və tələbələri mütəmadi olaraq fərdi yaradıcılıq sərgiləri, buraxılış işləri və magistr dissertasiyası sərgilərinin təşkilində də fəallıq göstərirlər. Tələbələr respublikanın və universitetin şənliklərində, xeyriyyə aksiyalarında yaxından iștirak edirlər.
Studiya-auditoriyalar
Fakültədə bir kompüter tədris studiyası mövcuddur. Burada Dizayn ixtisası üzrə Kompüter qrafikası fənnləri keçirilir. Rəqəmsal modelləşdirmə dərsində AutoCad poqramında layihələrin 2-ölçülü və 3-ölçülü şəkildə kömpüterə köçürülməsi öyrədilir. Bundan əlavə sərbəst işlərdə Revit və Sketchup proqramlarında nümunələr göstərilir. Kompüter qrafikası dərsində Adobe İllustrator, Adobe Photoshop, AutoCad, Cinema 4D proqramları öyrədilir.
Ağac email laboratoriyası 13 noyabr 2015-ci il tarixində "Embawood" mebel şirkəti və AzMiU arasında imzalanmış memorandum əsasında fəaliyyətə başlamışdır. Studiyanın əsas məqsədi AzMİU-nun müəllim və tələbələrinin ölkəmizdə mebel sənayesi haqda daha çox malumatı olması, yüksək potensiala malik kadrların yetişdirilməsini təmin etmək, tələbələri yeni texnologiyalar və yeni materiallarla tanış etmək, universitet tələbələrinin fərdi şəkildə işləmələri və maket işlərini yerinə yetirməkdir.
Maketləşdirmə laboratoriyası tələbələrinin maketlərinin hazırlanması və yaradıcı tapşırııqlarının yerinə yetirilməsi üçün nəzərdə tutulmuşdur. Laboratoriyada müxtəlif alət və tərtibatlar, kağız, karton, foreks və digər maketləşdirmə materialları ilə işləmək üçün nəzərdə tutulan vasitələr də vardır. Burada tələbələr müxtəlif növ layihələrin yerinə yetirilməsində əvəzsiz əyani vəsait olan maketləri hazırlamaq sirlərinə yiyələnirlər.
Foto laboratoriyası tələbələrin fotoqrafiya istiqaməti üzrə studiya çəkilişlərinin texnikalarını öyrənmək və tətbiq etmək üçün nəzərdə tutulmuşdur. İşıq çətirləri, reflekor, ikili fon və fotoaparatla təchhiz olunmuş laboratoriya tələbələrin peşəkar müəllimlər ilə fotoqrafiya sənətinin incəliklərini öyrənməyi üçün əlverişli şəraitə malikdir.
3D sürətli prototipləșdirmə laboratoriyası tələbələrin layihələrinin müəyyən detallarını 3D printerlərdə çap etmələri üçün nəzərdə tutulmuşdur. Burada həmçinin 3 ədəd 3D plinter, 2 plotter, 2 ağ-qara lazer printeri ve 1 ədəd 3D skaner də tələbələrin istifadəsinə verilmişdir. Tələbələr həm müstəqil həm də müəllimlərin köməyi ilə bu avadanlıqlarda öz tapşırıqlarını yerinə yetirə bilirlər.
Fakültədə Aksesuar İnşaat laboratoriyası 2015-ci ildən fəaliyyət göstərir. İnşaat materialları və avadanlıqlarından ibarət yaradılmış laboratoriyanın məqsədi Dizayn ixtisası üzrə tədris planında yer almış interyer dizaynı, layihələndirmə və digər fənlərin tədrisi zamanı layihələrdə tətbiq edilən material kataloqları ilə işləmək, bu prosesdə istifadə edilən materialların xüsusiyyətlərini öyrənmək, texniki avadanlıqların mühitə nəzərən düzgün seçim edilməsi və tətbiqi imkanlarını mənimsəmək, eləcə də tələbələri döşəmə və divar səthlərinin üzlük materialları ilə tanış etməkdir.
İtaliya-Azərbaycan Dizayn Mərkəzi
Yaranma tarixi
18 iyul 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının Prezidenti Sercio Mattarella arasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İtaliya-Azərbaycan Dizayn Mərkəzinin yaradılmasına dair Anlaşma Memorandumu imzalanmış, Poliminin Dizayn məktəbi və AzMİU-nun Memarlıq fakultəsi ilə birlikdə İtaliya-Azərbaycan Dizayn Mərkəzi (İADM) yaradılmışdır.
İtaliya-Azərbaycan Dizayn mərkəzi AzMİU-da dizayn ixtisasının tədrisinin təşviqi və dəstəklənməsi ilə yanaşı seminarlar, müsabiqələr, tədris təlimləri, sərgilər, vörkşoplar keçirir, tələbələrlə işləyərək beynəlxalq və yerli dizayn layihələrində iştirak edir.