Doktorantura


Yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi olan doktorantura yolu ilə həyata keçirilir və müvafiq elmi dərəcələrin (fəlsəfə doktoru və elmlər doktoru) verilməsi ilə başa çatır. Doktorantura şöbəsi Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda 1977-ci ildə yaradılmışdır.

Azərbaycan Memarlıq və İnşaat Üniversitetində yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi olan doktoranturadа fəlsəfə doktoru, elmlər doktoru və dissertantura yolu ilə həyata keçirilir. Doktorantura şöbəsinin əsas məqsədi – yüksək ixtisaslı mütəxəssislərin, elmi və pedaqoji kadrların hazırlanmasından ibarətdir. Doktoranturada təhsil alma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formada fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilir. Doktorantura təhsilini həyata keçirən Azərbaycan Memarlıq və İnşaat Universitetində elmi və elmi-pedaqoji kadr hazırlığını dissertantlıq (dissertantura) yolu ilə də reallaşdırır. Doktoranturada təhsil dövlət hesabına və ya ödənişli əsaslarla həyata keçirilir, təhsil müddəti isə əyani 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir. Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir. Müstəsna hallarda bütün təhsil formaları üzrə təhsil müddəti uzadıla bilər. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar. Doktorantura təhsili haqqında ətraflı məlumatı doktorantın yaddaş kitabçasından əldə edə bilərsiniz. 

Doktorantura şöbəsinin informasiya axtarış sistemi mövcuddur. Hal-hazırda fəlsəfə və elmlər doktoru proqramları üzrə doktorant və dissertantların ümumi sayı 101 nəfərdir (o cümlədən  fəlsəfə doktoru proqramı üzrə: 54 doktorant, 21 dissertant, 16 nəfər elmlər doktoru proqramı üzrə dissertant).

Son üç ildə 4 nəfər fəlsəfə doktoru diplomu alıb. 15 nəfər fəlsəfə doktoru, 2 nəfər elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin ilkin müzakirəsini keçib və əsas müdafiəyə tövsiyə olunub. Onların elmi nəşrləri Ali Attestasiya Komissiyasının tələblərini ödəyir və dissertasiyaları antiplagiat sistemində yoxlanılıb.

Doktoranturada Xarici dil və İxtisas fənləri tədris olunur. Təhsil haqqı Memarlıq və İqtisadiyyat istiqamətləri üzrə - 1500 AZN, digər ixtisaslar üzrə isə 1400 AZN-dir. 


 























11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]