Xəbərlər
AzMİU-nun rektoru Nəqliyyat fakültəsinin tələbələri ilə görüşüb
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova bu gün Nəqliyyat fakültəsin I kurs tələbələri ilə görüşüb. Keçirilən görüşdə universitet rektorluğu, fakültənin dekanı, kafedra müdirləri və professor-müəllim heyəti, tələbə təşkilatlarının nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən fakültənin dekanı Elçin Yusifzadə birinci kurs tələbələri ilə keçirilən görüş üçün rektora dərin təşəkkürünü bildirib. Belə görüşlərin tələbələr üçün əhəmiyyətini vurğulayıb. Daha sonra sözü universitetin rektoru, professor G.Məmmədovaya verib.
Daha sonra universitetin rektoru Gülçöhrə Məmmədova çıxış edərək gəncləri universitetin tələbəsi adını qazanmaları münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. Kredit sisteminin funksiyaları ilə tələbələri tanış edib və bu təhsil sisteminin qaydalarına məsuliyyətlə yanaşmalarını onlara tövsiyə edib. Rektor çıxışında universitetdə keçirilən imtahanlara, onların obyektiv və şəffaf keçirilməsi üçün yaradılan şəraitə və tələbələrin üzərinə düşən vəzifələrə də toxunub. Tələbələri universitetin ictimai həyatında fəal iştirak etməyə çağırıb, ali məktəbdə fəaliyyət göstərən tələbə həmkarlar, tələbə gənclər təşkilatlarıyla sıx və işgüzar əlaqələr qurmağı tövsiyə edib. G.Məmmədova AzMİU-da tələbələrin istifadəsində olan böyük kitabxana və elektron kitabxana bazasından danışıb. Sonra rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixi keçmişi, müasir inkişaf mərhələləri barədə məlumat verib. Ölkəmizin, iqtisadiyyatın, qeyri-neft sektorunun inkişafında bizim tələbələrin böyük rolu olduğunu vurğulayıb.
Sonra AzMİU-nun tədris işləri üzrə prorektoru Akif Qasımov çıxış edərək universitetdə tələbələr üçün yaradılan münbit şəraitən danışıb. Görüş fakültə tələbələrinin çoxsaylı sualları ilə başa çatıb.