Tez-tez verilən suallar


Fakültədə təhsil

Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və   rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər. Fakültədə təhsil Azərbaycan, rus və ingilis dillərində aparılır.

 

Tələbələr haqqında

Fakültədə ölkənin inşaat və layihə sektorunun müxtəlif sahələri üçün Memarlıq və Şəhərsalma istiqamətləri üzrə bakalavr və magistr mütəxəssis hazırlığı aparılır, burada təhsilin hər iki səviyyəsində 1300-dən artıq tələbə təhsil alır. Fakültənin beynəlxalq səviyyədə reytinqi yüksəkdir. Memarlıq ixtisası üzrə təhsil alan 200-dən artıq tələbə xarici ölkə vətəndaşlarıdır. Onların arasında Türkiyə, İran, İraq, Suriya, Gürcüstan, Qazaxıstan, Özbəkistan və b. ölkərdən olan tələbələr üstünlük təşkil edir. Universitetdə 3 – səviyyəli təhsil sistemi tətbiq edilir – bakalavriat, magistratura, doktorantura. Fakültənin aparıcı kafedralarında doktorantura səviyyəsində mütəxəssis hazırlığı aparılır. Onların arasında xarici ölkələrdən də doktoranturada təhsil alan tələbələr vardır.  

Tədrisin təşkili

Fakültədə dərslər layihə, mühazirə və məşğələ formatında tədris edilir. İxtisaslardan asılı olaraq layihə yönümlü fənlər kurs layihəsi, kurs işindən ibarətdir və bir-birini ardıcıl şəkildə tamamlayaraq bütün tədris boyu davam edir.  

Tələbənin biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir:

dərsə davamiyyətə görə  - 10 bal

sərbəst işə görə - 10 bal

məşğələ, seminar və ya laboratotiya dərslərinin nəticələrinə görə - 30 bal

Əgər fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulubsa, onda məşğələ (seminar) və laboratoriya dərslərinə görə 20 bal, kurs işinin (layihəsinin) hazırlanması və müdafiəsinə görə 10 bal verilir. 

Tələbənin imtahanda topladığı bal, 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 25%-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır. 

Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:

51 baldan aşağı

- "qeyri-kafi"  (F)

51-60 bal

- "qənaətbəxş"  (E)

61-70 bal

- "kafi" (D)

71-80 bal

- "yaxşı" (C)

81-90 bal

- "çox yaxşı" (B)

91-100 bal

- "əla" (A)

4-cü kurs tələbələri, sonuncu (VIII) semestrdə müvafiq ixtisaslara aid müəssisə və qurumlarda təyin edilmiş təcrübə rəhbərinin nəzarəti ilə 14 həftəlik Texnoloji İstehsalat təcrübəsi keçir və sonda 100 ballıq sistem üzrə universitetdə yaradılmış komissiya tərəfindən qiymətləndirilir.

Tələbələr Yekun attestasiya üzrə Dövlət imtahanını verərək və ya buraxılış işini müdafiə edərək universiteti bitirmiş hesab edilir. 

İmtahanlar universitet tərəfindən mərkəzləşdirilmiş test və yazılı formatda təşkil edilir, layihə yönümlü və qabiliyyət tələb edən rəsm, rəngkarlıq, heykəltəraşlıq və maketləşdirmə kimi fənlərin imtahanları isə fakültədə aparılır. Tələbə işləri (kurs layihələri, maketlər, rəsm və s.)  kodlaşdırılır, fakültə tərəfindən tərtib edilmiş xüsusi meyarlara əsasən komissiya tərəfindən qiymətləndirilir. Müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr təhsil aldığı müddətdə hər hansı fənn üzrə semestr imtahanını müvəffəqiyyətlə vermədiyi halda, akademik borc yaranır. Akademik borcun ləğv edilməsi üçün tələbənin dekanlığa müraciəti əsasında müvafiq semestr üzrə fərdi və alt qruplar üzrə dərslərdə iştirak edir və semestrin sonunda imtahan təşkil edilir. “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli, 348 nömrəli qərarında dəyişikliklər edilməsi barədə 3.2.14 bəndinə əsasən akademik borcun ləğv edilməsi üçün tələbənin dekanlığa müraciəti əsasında uyğun semestr üzrə müvafiq fənnin kreditinin 25 % ödənişilə təkrar imtahan verərək akademik borcunu ləğv etməsi imkanı mövcuddur.

Təhsil haqları

Memarlıq ixtisası üçün təhsil haqqı 2500 azn, “Şəhərsalma” ixtisası üçün isə 2000 azn təşkil edir. Əcnəbi tələbələrin təhsil haqqı isə 2500 usd –dir. Mövcud qaydalara əsasən sessiyanın nəticələri üzrə dövlət sifarişi ilə təhsil alan tələbələrin sayı qədər təqaüd yerləri ayrılır və müsabiqədə ödənişli tələbələr də iştrak etməklə onlara əlaçı, zərbəçi və adi təqaüdlər verilir. Hər semestr tələbələrə əlavə təqaüd yerləri də ayrılır ki, bu zaman akademik kredit borcu olmayan tələbələr də təqaüd almaq imkanlarına malik olurlar.

 

Əməkdaşlıq sahələri

Fakültə Respublikanın Səhərsalma və Arxitektura Komitəsi, Azərbaycanın Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, “İçərişəhər Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsi, Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət, Arxeologiya  İnsstitutları,  «Azərbərpa» Elmi - Tədqiqat Layihə İnstitutu, Memarlıq və Dizayn üzrə qeyri-dövlət şirkətləri ilə təcrübi və elmi sahədə sıx əlaqələri davam etdirir.

Karyera imkanları

Fakültənin tələbə və magistrləri “Azərbərpa” ETLİ, “Azərdövlətlayihə”, “Azərtikintilayihə”, “Bakıdövlətlayihə” layihə institutlarında, “İçərişəhər Dövlət Tarix-Memarlıq qoruğunda,  “PAŞAINŞAAT”, PMD, “EmbaWOOD”,  “Aksessuar İnşaat”, “Knauf” kimi tanınmış şirkətlərdə istehsalat təcrübəsi keçir və uğurla çalışırlar.























11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]