Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrası
"Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi" kafedrasının yaranma tarixi
1955- ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitunda “Mülki müdafiə” kafedrası kimi yaradılmış, 1975-ci ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda “Mülki müdafiə” adı ilə fəaliyyətini davam etdirən bu kafedraya 1990-ci ilədək ehtiyatda olan polkovnik M.X.Vaynbrand rəhbərlik etmişdir. 1990-cı ilədək kafedrada ancaq “Mülki müdafiə” fənni tədris olunurdu. Həmin ildən kafedraya ehtiyatda olan I dərəcəli kapitan, texnika elmləri doktoru, professor H.O.Ocaqov rəhbərlik etmişdir. O, bu dövrdə kafedrada müəllim heyətinin tərkibini zənginləşdirmiş, maddi-texniki baza möhkəmləndirilmiş və elmi-tədqiqat işlərinin genişlənməsinə imkanlar yaratmışdır. 1993-cü ildə “ Mülki müdafiə” kafedrasının adı dəyişdirilərək “Həyat fəaliyyətinin təhlükəsizliyi” adlandırılmışdır.
Ölkəmizdə “ Həyat fəaliyyətinin təhlükəsizliyi” ixtisası üzrə mütəxəssislərin hazırlanması Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda H.O.Ocaqovun rəhbərliyi ilə həyata keçirilmişdir. Professor H.O.Ocaqov “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi” ixtisası üzrə ölkəmizdə məktəb yaratmışdır.
Kafedrada təhslini bakalavr, magist və doktorantura səviyyələri üzrə kadrlar hazırlanır. Azərbaycan və ingilis bölmələrində kadr hazırlığı həyata keçirilir.
Kafedrada “Həyat fəaliyyətinin təhlükəsizliyi” ixtisası üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün 8 dərslik, 16 dərs vəsaiti həmçinin ingilis dilində bir dərs vəsaiti , 12 metodiki vəsait, 6 monoqrafiya, 30- dan çox magistr və bakalavr səviyyəsi üçün fənn proqramı işlənib hazırlanmışdır. Bu vəsaitlərin çoxu ölkənin digər ali məktəblərində də istifadə olunur.
Kafedranın təşkilatçılığı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyinin müxtəlif aspektlərinə aid 25-ə yaxın beynəlxalq konfrans və simpoziumlar keçirilmişdir.
Kafedra əməkdaşlarının indeksləşmiş beynəlxalq jurnallarda elmi məqalələri dərc olunur,patentlər alınmışdır.
2016-cı ildən kafedraya Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, kimya elmləri doktoru, professor İ.İ. Mustafayev rəhbərlik edir.