Mühəndis sistemlərinin və qurğularının tikintisi kafedrası
MÜHƏNDİS SİSTEMLƏRİ VƏ QURĞULARININ TİKİNTİSİ kafedrası
“İstilik-qaz təchizatı və ventilyasiya” kafedrası 1961-ci ildə Azərbaycan Politexnik İnstitutunda təşkil olunmuş, ona rəhbərlik dos. A.B.Qoldşteynə həvalə olunmuşdur. Sonralar bu kafedraya müxtəlif vaxtlarda t.e.n., dosent K.H.Quliyev və t.e.n., dosent M.N.Abdullayev rəhbərlik etmişlər.
1975-ci ildə Azərbaycan İnşaat mühəndisləri İnstitutu yaradıldıqdan sonra “İstilik-qaz təchizatı və ventilyasiya” kafedrasına bir müddət dos. İ.Ə.Şabanbəyov, 1978-ci ildən isə t.e.d., prof. H.Q.Feyziyev rəhbərlik etməyə başlamışdır.
1983-cü ildə kafedra iki yerə bölünmüşdür: “İstilik təchizatı və istilik texnikası” kafedrasına prof. H.Q.Feyziyev, “Qaz təchizatı və mikroiqlimi təmin edən sistemlər” kafedrasına isə prof. K.Ə.Rüstəmov rəhbərlik etməyə başlamışlar. 1996-ci ildən isə “Qaz təchizatı və mikroiqlimi təmin edən sistemlər” kafedrasının müdiri vəzifəsini bir müddət dos. M.A.Zeynalov və dos. N.M.Abdullayev icra etmişdir. 2004-cü ildən kafedraya rəhbərlik etmək t.e.d., prof. M.F.Cəlilova həvalə olunmuşdur. 2011-ci ilin iyun ayında iki kafedra yenidən birləşdirilmiş və “İstilik, qaz təchizatı və ventilyasiya” kafedrası yaradılmışdır. Sonradan “İstilik-qaz təchizatı və ventilyasiya” və “Su təchizatı və işlənmiş suların kənarlaşdırılması” ixtisasları birləşdirilərək “Mühəndis sistemləri və qurğularının tikintisi” adlandırılmışdır. Bununla əlaqədar Ekologiya kafedrasının bir qrup əməkdaşı yeni yaradılmış “Mühəndis sistemləri və qurğularının tikintisi” kafedrasına köçürülmüşdür (Rekrorun 21.06.2016-cı il tarixli 180/s-d saylı əmri). 2013-cü ilin may ayından kafedra müdiri vəzifəsini ictimai əsaslarla dos. N.Y.Məmmədov icra etmişdir (Rektorun 07.05.2013-cü il tarixli 151/s-d saylı əmri). 2014-cü ilin mart ayından N.Y.Məmmədov seçki ilə həmin vəzifəyə seçilmisdir (Rektorun 18.03.2014-cü il tarixli 91/s-d sayli əmri).
Rektorun 01.06.2017-ci il tarixli 119/b-m tarixli əmri ilə Universitetdə yenidən 050626-“Elektrik mühəndisliyi” ixtisası bərpa olunmuş və bu sahədə kadr hazırlığı “Mühəndis sistemləri və qurğularının tikintisi” kafedrasına həvalə olunmuşdur. Hal-hazırda həmin sahə üzrə də bakalavr və magistr pillələrində təhsil aparılır.
Keçən dövr ərzində hər iki kafedranın Respublika daxilində və Beynəlxalq səviyyədə elmi və praktik əlaqələri genişlənmiş, müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar yaradılmışdır. “Təmizqaz” QSC ilə Universitet arasında bağlanmış əməkdaşlıq haqqında müqavilə əsasında qaz təsərrüfatının müəssisə və təşkilatlarının texniki və xidmət işçiləri üçün ödənişli əsaslarla daimi fəaliyyət göstərən ixtisasartırma kursu təşkil edilmişdir. Tələbələrimiz isə Bakı şəhərində fəaliyyət göstərən yerli və xarici şirkətlərdə istehsalat təcrübələri keçirlər.
Kafedrada “Mühəndis sistemləri və qurğularının tikintisi” ixtisası üzrə bakalavr və magistr pilələrində yüksək səviyyəli mütəxəssislər hazırlanır. Eyni zamanda kafedrada Avropa İttifaqının ayırdığı qrant hesabına Azərbaycan Texniki Universiteti, Almaniyanın Köln Tətbiqi Elmlər Universiteti və Hollandiyanın Zuyd Tətbiqi Elmlər Universiteti ilə birlikdə təhsil üzrə TEMPUS layihəsi həyata keçirilmişdir. Bu layihə əsasında kafedrada “Binaların enerji menecmenti sistemləri” ixtisası üzrə magistr pilləsində mütəxəssis hazırlanır.
2015-2018-ci illərdə kafedrada Parisin CNAM Akademiyası ilə birlikdə ERASMUS+ LPEB layihəsi çərçivəsində “Rusiya Federasiyası, Çin və Azərbaycanda binaların enerji və ekoloji səmərəliliyi üzrə açıq və distant təhsil formatında peşə bakalavrı“ (N° 561732-EPP-1-2015-1-FR-EPPKA2-CBHE-JP) mövzusunda layihə yerinə yetirilmişdir. Layihənin məqsədi - tərəfdaş ölkələrdə ali təhsildəki islahatlara və modernləşmələrə dəstək, ali təhsilin keyfiyyətinin yüksəldilməsi, insan resurslarının qarşılıqlı inkişafına dəstək, Tərəfdaş ölkələr və Avropa İttifaqına uzv ölkələr arasında ali təhsil və elmi tədqiqat institutları şəbəkəsi yaradılmasının təkmilləşdirilməsi, tərəfdaş ölkələr üçün prioritet sayılan akademik fənnlər üzrə fənn proqramlarının Avropa Kredit Transfer və Akkumilyasiya sistemi (ECTS), 3 səviyyəli təhsil sistemi və diplomların tanınması vasitələrinin köməyi ilə modernləşdirilməsi, binaların enerji səmərəliliyi üzrə hər bir ölkənin tələblərinə adaptasiya olunmuş peşə bakalavrı hazırlığı (İkili diplom və ya birgə diplom), müəllim və tələbələrin mobilliyini təmin etmək məqsədilə tərəfdaşlığı inkişaf etdirmək, fənn proqramlarının və onların məzmunlarının təkmilləşdirilməsi, 30 müəllimin Aİ-də təkmilləşdirilməsi və yeni kurslar üzrə 150 tələbənin hazırlanması, müxtəlif istehsalat müəssisələrində yeni kurslar üzrə peşə təhsilinin təşkili, binaların enerji səmərəliliyinin inkişafı üçün resurs mərkəzlərinin yaradılması, binaların enerji səmərəlilyi üzrə məzunların ixtisasları üzrə işlə təmin olunmasının, ixtisasın konsepsiyasının və istiqamətləndirilməsinin yaxşılaşdırılmasından ibarət olmuşdur. Layihə çərçivəsində Universitetin 3 əməkdaşı Parisin CNAM Akademiyasında staj keçmişdir. Layihənin nəticəsi olaraq AzMİU və CNAM arasında ikili diplom müqaviləsi başlanmış və bu müqavilə əsasında yeni yaradılmış “Enerji effektivli tikinti” ixtisası üçün tədris planı işlənib hazırlanmışdır.
Kafedranın “Azərsu” ASC və “Azəristiliktəchizat” ASC ilə qarşılıqlı əməkdaşlıq müqaviləsi bağlanmışdır. “Azərsu” ASC-nin “Sukanal” ETLİ-da kafedranın filialı yaradılmış və bir-sıra mühazirə və laboratoriya dərsləri həmin filialda keçilir.
Bakalavr və magistr pilləsində təhsil alan tələbələr istehsalat təcrübələrini “Azərsu” ASC, “Azəristiliktəchizat” ASC və “Təmizqaz” QSC-də keçirlər.
Kafedrada yerinə yetirilən elmi-tədqiqat işlərinin nəticələri YUNESKO-nun, keçmiş SSRİ-nin Ali Təhsil və Energetika Nazirliklərinin, Dövlət Elm və Texnika Komitəsinin “İnsan və biosfera”, “İnsan və ətraf mühit”, “Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə”, “Axıntısız və tullantısız texnologiyalar” və s. mövzularında aktual proqramlarına daxil edilmişdir.
Prof. H.Q.Feyziyevin rəhbərliyi və onun yaratdığı elmi məktəbin mütəxəssislərinin iştirakı ilə aparılan və dünyada analoqu olmayan elmi-tədqiqat işlərinin nəticələrinə görə kafedraların əməkdaşları 50 müəlliflik şəhadətnaməsi və bir patent almış, 500-dən artıq məqalə çap etdirmiş, 31 nəfər elmlər namizədi, 6 nəfər isə elmlər doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişlər. Kafedraların əməkdaşlarının hazırladıqları metodik göstərişlər indiyə qədər keçmiş SSRİ məkanında (o cümlədən Azərbaycanda) normativ sənəd kimi qüvvədədir. H.Q.Feyziyev hal-hazırda kafedrada məsləhətçi-professor vəzifəsində çalışır, dövlət büdcəsi hesabına aparılan elmi tədqiqat və dissertasiya işlərinə rəhbərlik edir.
Hal-hazırda kafedrada binalarda enerji effektivliyi, enerjidən səmərəli istifadə, alternativ və bərpa olunan enerji mənbələri, axıntısız su emalı texnologiyaları, bina və qurğuların elektrik təchizatı və s. sahələr üzrə elmi-tədqiqat işləri aparılır.
Kafedranın əməkdaşlarının elmi əsərləri dünyanın bir sıra ölkələrinin nüfuzlu jurnallarında çap olunur. Kafedrada tədris olunan bütün fənlər üzrə yeni tədris proqramlarına uyğun azərbaycan dilində dərsliklər, dərs vəsaitləri və metodik göstərişlər çap olunub.
Kafedra dünyanın bir sıra ölkələrinin (Norveç, Çin Xalq Respublikası, İran İslam Respublikası, Türkiyə, İsrail, Fransa, İtaliya, Almaniya, Rusiya, Ukrayna, Belorus, Qazaxstan və s.) təhsil müəssisələri və elmi mərkəzləri ilə sıx əlaqə saxlayır.
Kafedranın bir qrup əməkdaşı Azərbaycanda həyata keçirilən Beynəlxalq layihələrin eksperti və koordinatoru kimi də fəaliyyət göstərirlər. Bu sırada Beynəlxalq INOGATE layihəsi çərçivəsində yerinə yetirilən “Azərbaycanda inşaat sektorunda enerji səmərəliliyi”, SPARE layihəsi çərçivəsində yerinə yetirilən “Azərbaycanın orta məktəb binalarında enerji səmərəliliyi” və s. layihələri göstərmək olar.
Eyni zamanda kafedranın üç əməkdaşı Azərbaycan Respublikası Alternativ Bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyi və Norveçin Beynəlxalq ENSI Konsaltinq kompaniyasının birgə keçirdiyi 3,5 illik seminar və treninqlərdə iştirak edərək Enerji auditi sahəsində beynəlxaq sertifikat almışlar.
Kafedrada Dövlət büdcəsi hesabına 2019 – 2023-cü illər üçün “Yaşayış məntəqələrinin mühəndis kommunikasiya sistemləri və qurğularında mütərəqqi texnologiyaların tədqiqi” mövzusunda 5 illik elmi-tədqiqat işi yerinə yetirilir.
Kafedranın əməkdaşları müntəzəm şəkildə Beynəlxalq simpozium, konqres və konfranslarda, binaların enerji effektivliyi və alternativ və bərpa olunan enerji mənbələri sahəsində bir sıra Beynəlxalq layihələrdə ekspetr qismində, eləcə də Respublikamızda tikilən müxtəlif təyinatlı binaların layihələndirilməsində və Azərbaycan respublikası üçün uyğun sahələr üzrə Dövlət Tikinti Normalarının və Qanunlarının hazırlanmasında iştirak edirlər.
Kafedrada binaların əsas mühəndis qurğuları hesab edilən, insanların komfort şəraitdə işləməsi və yaşamasını təmin edən isitmə, ventilyasiya, havanın kondisiyalaşdırılması, qaz təchizatı sistemləri, enerji menecmenti və elektrik təchizatı sahələri üzrə bakalavr və magistr pillələrində mütəxəssislər hazırlanır. Hal – hazırda qeyd olunan sahələr üzrə mütəxəssislərə böyük ehtiyac olduğundan bütün məzunlar işlə təmin olunurlar.