Tez-tez verilən suallar


Tədrisin təşkili hansı formada aparılır?

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Universitetin müvafiq qərar və əmrləri əsasında aparılır. Tələbələr hər semestr dərs başlamazdan əvvəl fərdi tədris planlarını dekanlıqda təsdiq edir, onlara özünə nəzarət qrafikləri və kredit təhsil sisteminə aid əsasnamələr təqdim olunur. Dərslər mühazirə, seminar, laboratoriya, kurs layihəsi, kurs işi formasında təşkil edilir. Təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi prosesi tədris olunan fənlərdən asılı olaraq semestrin (payız və yaz semestri) sonunda test və yazılı imtahan üsulu ilə keçirilir. 

Tələbənin biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir:

dərsə davamiyyətə görə  - 10 bal

sərbəst işə görə - 10 bal

məşğələ, seminar və ya laboratoriya dərslərinin nəticələrinə görə - 30 bal

Əgər fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulubsa, onda məşğələ (seminar) və laboratoriya dərslərinə görə 20 bal, kurs işinin (layihəsinin) hazırlanması və müdafiəsinə görə 10 bal verilir. 

Tələbənin imtahanda topladığı bal, 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 25%-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır. 

Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:

 51 baldan aşağı

 "qeyri-kafi"    (F)

 51-60 bal

 "qənaətbəxş"(E)

 61-70 bal

 "kafi"   (D)

 71-80 bal

 "yaxşı" (C)

 81-90 bal

 "çox yaxşı" (B)

 91-100 bal

 "əla" (A)

4-cü kurs tələbələri, sonuncu (VIII) semestrdə müvafiq ixtisaslara aid müəssisə və qurumlarda təyin edilmiş təcrübə rəhbərinin nəzarəti ilə 14 həftəlik Texnoloji İstehsalat təcrübəsi keçir və sonda 100 ballıq sistem üzrə universitetdə yaradılmış komissiya tərəfindən qiymətləndirilir.

Tələbələr Yekun attestasiya üzrə Dövlət imtahanını verərək və ya buraxılış işini müdafiə edərək universiteti bitirmiş hesab edilir. 

      Müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr təhsil aldığı müddətdə hər hansı fənn üzrə semestr imtahanını müvəffəqiyyətlə vermədiyi halda, akademik borc yaranır. Akademik borcun ləğv edilməsi üçün tələbənin dekanlığa müraciəti əsasında müvafiq semestr üzrə fərdi və alt qruplar üzrə dərslərdə iştirak edir və semestrin sonunda imtahan təşkil edilir. “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli, 348 nömrəli qərarında dəyişikliklər edilməsi barədə 3.2.14 bəndinə əsasən akademik borcun ləğv edilməsi üçün tələbənin dekanlığa müraciəti əsasında uyğun semestr üzrə müvafiq fənnin kreditinin 25 % ödənişilə təkrar imtahan verərək akademik borcunu ləğv etməsi imkanı mövcuddur.

 

Təhsil haqqı nə qədərdir?

Fakültəmizin hər bir ixtisasına dövlət sifarişli (DS) və ödənişli əsaslarla qəbul aparılır. Ödənişli əsaslarla qəbul olunan tələbələr üçün ixtisasların illik təhsil haqqı əyani şöbə üzrə 2000 AZN, qiyabi şöbə üzrə isə 1700 AZN təşkil edir.

 

Ödənişli əsaslarla təhsil alan tələbələr təqaüd ala bilərmi?

Qaydalara uyğun olaraq dövlət sifarişi ilə təhsil alan tələbələrin sayı qədər təqaüd yerləri ayrılır. İlk semesterdə yalnız dövlət sifarişi ilə təhsil alan tələbələr təqaüd alır. Növbəti semesterdən isə semesterin nəticəsi üzrə ödənişli əsaslarla təhsil alan tələbələr də müsabiqədə iştirak edir və onlara imtahan nəticələrinə əsasən Adi (aylıq 100 AZN), Zərbəçi (aylıq 145 AZN), Əlaçı (aylıq 175 AZN) təqaüdləri verilir. 

 

Hansı karyera imkanları mövcuddur?

Əməkdaşlıq etdiyimiz şirkətlərdə təcrübə qazanmaq və işçi kimi çalışmaq şansları mövcuddur.

Fakültəmizin məzunları inşaat mühəndisi (konstruktor), smeta mühəndisi, materiallar mühəndisi və sənaye mühəndisi kimi, eləcə də tikinti sahəsində ixtisasa uyğun işlərdə çalışaraq karyera qura bilər. 























11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]