Şəhid tələbələrin xatirəsinə həsr olunan tədbir keçirilib [08.12.2022]

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) universitetin şəhid tələbəsi Şirindil Həsənquliyevin və AzMİU-nun nəzdindəki İnşaat Kollecinin şəhid tələbəsi Polad Şirinovun xatirəsinə həsr olunmuş tədbiri keçirilib. Tədbirdə şəhid ailələri, universitetin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbir iştirakçıları universitetdə şəhid məzun və tələbələrin xatirəsinə ehtiram olaraq yaradılan memorial kompleksin qarşısına gül dəstələri qoyublar və xatirələrini etiramla yad ediblər. 
Daha sonra çıxışlar edilib, şəhidlərlə bağlı xatirələr bölüşülüb.
Çıxış edənlər AzMİU-da hərbi-vətənpərvərlik məsələlərinə xüsusi həsaslıqla yanaşıldığını bildiriblər. Qeyd olunub ki, I və II Qarabağ müharibələrində, eləcə də dövlətimizin suverenliyi uğrunda AzMİU-nun 76 tələbə və ya məzunu şəhid olub. Onların xatirəsinin hər zaman uca tutulduğu, universitet kollektivinə, tələbələrə tanıdılması üçün mütəmadi tədbirlər keçirildiyi vurğulanıb. 
Tədbir universitetin Sərgi salonunda nümayiş olunan Memarlıq fakültəsinin tələbəsi Aytac Vəzirovanın “Qalib Azərbaycan” adlı II fərdi yaradıcılıq sərgisinə baxışla davam etdirilib. Burada Aytac Vəzirovanın bəzi əsərləri xatirə olaraq şəhid ailələrinə hədiyyə edilib. 
Məlumat üçün bildirək ki, Şirindil Həsənquliyev 1992-ci ildə I Qarabağ müharibəsində böyük şücaət göstərərək şəhid olub. O, AzMİU-nun İnşaat fakültəsinin 4-cü kurs tələbəsi olarkən könüllülər batalyonuna qoşulur. Xüsusi istedadına və qəhrəmanlığına görə qısa müddət sonra xidmət etdiyi bölüyün komandir müavini təyin edilir və Malıbəylidən başlayaq, bir neçə uğurlu əməliyyatda iştirak edib. Şirindil Həsənquliyev sonuncu döyüşü zamanı, Daşaltı əməliyyatında itkin düşüb və şəhid statusu alıb.
Polad Şirinov isə AzMİU-nun nəzdindəki İnşaat Kollecinin təbəsi olub. O, hərbiyə olan xüsusi marağına görə təhsilini yarımçıq qoyub və öz xahişi ilə ordu sıralarına daxil edilib. 12 sentyabr 2022-ci il tarixindən başlayaraq ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən xüsusi şücaət göstərən Polad Şirinov 13 sentyabr 2022-ci il tarixində qəhrəmancasına həlak olub.

 

08-12-2022