İnşaat fakültəsinə yeni dekan seçilib

     Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi Şurasının 29 dekabr 2021-ci ildə keçirilən iclasında Şura üzvlərinin yekdilliklə səsverməsiylə qəbul olunan qərara əsasən, İnşaat və İnşaat-texnologiya fakültələri birləşdirilib  İnşaat fakültəsi yaradılıb. Hər iki fakültənin daxilində olan kafedralar da yeni yaradılmış fakültənin tərkibinə daxil edilib. Rektor Gülçöhrə Məmmədova Universitetin Elmi Şurasının qərarını əsas tutaraq 19 yanvar 2022-ci ildə adıçəkilən fakültələrin birləşdirilməsi haqqında əmr imzalayıb. Əmrdə nəzərdə tutulduğu kimi, hər iki fakültə birləşdirilərək İnşaat fakültəsi yaradılıb, fakültənin vakant dekan vəzifəsinə müsabiqə elan olunub və seçki keçirilib. 
     Fakültədə keçirilən seçki Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2017-ci il 15 noyabr tarixli 5/5 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na uyğun olaraq səsvermə yolu ilə baş tutub.
     Seçkinin nəticələrinə görə, texnika üzrə fəlsəfə doktoru, dosent Sahib Abduləli oğlu Fərzəliyev İnşaat fakültəsinin dekanı vəzifəsinə seçilib. Məlumat üçün qeyd edək ki, Sahib Fərzəliyev dekan seçilənə qədər AzMİU-nun Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması kafedrasının müdiri vəzifəsində çalışıb. 
           


 

30-03-2022