BİMD şirkətinin nümayəndələri AzMİU-da seminar keçirib
BİMD ( Building İnformation Modelling Development) şirkəti Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri üçün “Binanın informasiya modelləşdirilməsi” mövzusunda seminar keçirib.
Təcrübə və karyera şöbəsinin təşkilatçılığı ilə ərsəyə gələn seminarda şirkətin direktoru İlkin Qarayev, BİM menecer Murad Abdullayev, şöbənin əməkdaşları iştirak edib. Seminar Memarlıq, İnşaat, Mexanika və informasiya texnologiyaları fakültələrinin tələbələri tərəfindən maraqla qarşılanıb.
Universitetin Strateji inkişaf üzrə prorektoru Ülkər Səttarova şirkət nümayəndələrini, tələbələri salamlayıb. İnformasiya texnologiyalarının sürətli və dinamik inkişaf dövrü keçdiyini, bütün sahələrə, eləcə də tikinti sahəsinə yeniliklər gətirdiyini qeyd edib. BİM texnologiyalardan istifadə, bu sahədə bilik və bacarıqların əldə olunmasının gələcəyin mütəxəssisləri üçün olan əhəmiyyətinə diqqət çəkib.
Şirkətin direktoru İ.Qarayev geniş və əhatəli çıxışında BİM və onun tikinti sahəsində olan rolundan danışıb. BİM-in binanın tikintisi, təchiz edilməsi, istismarının təmin edilməsi və təmirinə (obyektin həyat siklinin idarə edilməsinə) bir yanaşma olduğunu, ümumi inşaat prosesi zamanı bütün mühüm məlumatların 3D modelində saxlandığı, istifadə və idarə olunduğu kompleks bir həll olduğunu söyləyib.
Fəal diskussiya şəraitində keçən seminarın sonunda tələbələrin çoxsaylı sualları şirkət nümayəndəsi tərəfindən cavablandırılıb, həmçinin mövzu ətrafında fikir mübadiləsi aparılıb.