TİF fakültəsi şəhid məzunlarını ehtiramla andı


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMiU) Tikinti-iqtisad fakültəsində “44 Günlük Zəfər Yolu” adlı tədbir keçirilib. Tədbirdə fakültənin dekanı dosent Turan Aslanova, Biznesin iqtisadiyyatı və menecment kafedrasının müdiri professor Məhəbbət Məmmədov, Sənayenin təşkili və idarə edilməsi kafedrasının müdiri dosent Ruhəngiz Əliyeva, TİF-in dekan müavini Ayyət Əhməd, fakültənin nəzdində olan kafedraların müəllimləri, şəhidlərin valideynləri, qrup və döyüş yoldaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan fakültənin dekanı Turan Aslanova TİF-in şəhidləri Osman Cəfər və Səmural Fətəliyev barədə ətraflı məlumat verib. Onların təhsil həyatı və göstərdikləri qəhrəmanlıqlardan söz açıb. Vətənpərvərlik mövzusunun daim aktual olduğunu və bu kimi tədbirlərin gənclərin vətənpərvər ruhda tərbiyə olunmasına müsbət töhfə verdiyini deyib. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyən dekan şəhidlərimizin Azərbaycan xalqının qəlbində daim yaşayacağını söyləyib.

Professor Məhəbbət Məmmədov çıxışında Azərbaycanda elmli və cəsur gənclərin yetişdiyini, onların həm döyüş meydanında, həm də elm sahəsində uğurlar qazandığını diqqətə çatdırıb. O, gənclərə daha çox oxumağı və vətənə xidmət etməyi tövsiyə edib.

Dekan müavini Ayyət Əhməd də diqqəti Azərbaycanda vətənpərvər gəncliyin formalaşması üçün dövlətimiz tərəfindən görülən işlərə çəkib. Məhz bu cəsarətli və vətənpərvər gəncliyin sayəsində Qarabağ kimi tarixi torpaqlarımızın öz azadlığına qovuşduğunu, düşmən işğalından azad edildiyini bildirib.

Sonra şəhid Səmural Fətəliyevin atası Ayaz Fətəliyev çıxış edib. O, oğlunun vətənpərvərliyi, həyat kredosu, vətənə olan misilsiz bağlılığından danışıb. General-mayor Polad Həşimovun şəhid olduqdan sonra oğlunun könüllü olaraq orduya yazıldığını və döyüş bölgəsinə yollandığını söyləyib. Bundan başqa, şəhidlərimizin müəllimləri Bəşər Şirinov və Aydın Nəbiyev şəhidlərimizin vətən sevgisindən danışıb, onları istedadlı, intellektual gənclər olmaqla yanaşı vətənpərvər şəxsiyyətlər kimi xarakterizə ediblər.

Şəhidlərin dostları da öz xatirələrini tədbir iştirakçıları ilə bölüşüb, bu tədbirin təşkilində AzMİU rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Osman və Səmuralın hələ tələbəlik dövründə vətən, vətənin bütövlüyü, Azərbaycanın əbədi müstəqilliyi barədə müzakirələr apardıqlarını deyiblər.

 























11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]