AzMİU-nun tələbəsi British Council-ın Böyük İdeya yarışmasında ölkə çempionu oldu
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin 2-ci kurs tələbəsi Sevən Məhəmmədpur British Council-ın Creative Spark layihəsi çərçivəsində həyata keçirdiyi Böyük İdeya startap yarışmasının Azərbaycan üzrə çempionu oldu. Azərbaycan üzrə ölkə çempionu olan AzMİU-nun tələbəsi Böyük Britaniyaya səfər və 3000 ingilis funt sterlinqi məbləğində pul mükafatı qazanıb. Yarışmada həmçinin, AzMİU-nu texnologiya kateqoriyasında təmsil edən universitetin Tikinti-iqtisad fakültəsinin 2-ci kurs tələbəsi Solmaz Fətullayeva və Memarlıq fakültəsinin dizayn ixtisası üzrə magistr tələbəsi Cavid Bağırzadə kateqoriya çempionları olublar. Onu da qeyd edək ki, yerlərin müəyyənləşdirilməsi British Council-ın Böyük Britaniyadakı mütəxəssisləri tərəfindən həyata keçirilib.
Yarışmada iştirak etmək və öz ideyalarını təqdim etmək üçün tələbələr AzMİU-nun İnnovativ Biznes İnkubatoru mərkəzində davamlı çalışıb və onlara hər çür dəstək verilib. Bu müddətdə AzMİU-nun Creative Spark üzrə Böyük Britaniya partnyoru London South Bank Universitetinin mütəxəssisi də ideyalarının təkmilləşdirilməsi və yarışmada yüksək performans göstərmələri istiqamətində tələblərlə aktiv işləyib.
Məlumat üçün bildirək ki, Böyük İdeya yarışması hər ölkə üzrə 9 komanda olmaqla 7 ölkədə (Azərbaycan, Ukraniya, Gürcüstan, Qazaxistan, Qirğızıstan, Özbəkistan, Ermənistan) keçirilib. Gənclərin startap ideyalari 3 kateqoriyada - kreativ, texnologiya, sosial sahələr üzrə müəyyənləşdirlib, onların arasından müvafiq olaraq kateqoriya çempionu, səsvermə çempionu və ölkə çempionu seçilib.