AzMİU və Qarabağ Universitetinin tələbələri arasında "Eko-Debat" keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və Qarabağ Universitetinin tələbələrinin iştirakı ilə “Dostluq çərçivəsində ingilis dilində universitetlərarası Eko-Debat” təşkil olunub.
Tədbir AzMİU Əcnəbi dillər kafedrasının ingilis dili müəllimi Leyla Cumayevanın təşəbbüsü və ideya müəllifliyi, kafedranın müdiri Aygün Məmmədova və Qarabağ Universitetinin Beynəlxalq Dil Mərkəzinin müdiri Ramil Hacıyevin dəstəyi ilə onlayn formatda təşkil olunub.
Debatın əsas mövzusu “Are climate change agreements at COP enough to protect vulnerable communities from the effects of climate change?” (COP sammitlərində iqlim dəyişikliyi ilə bağlı qəbul edilən razılaşmalar həssas icmaları iqlim dəyişikliyinin təsirlərindən qorumaq üçün kifayət edirmi?) sualı ətrafında qurulub.
Hər iki universitetin tələbələri iqlim dəyişikliklərinin təsirlərinə məruz qalan həssas icmaların qorunması ilə bağlı qəbul edilən qərarların yetərliliyini müzakirə edib, COP 29-da əldə olunan razılaşmaların praktik tətbiqi və effektivliyinin artırılması yollarına dair fikirlərini bölüşüblər. Müzakirələr zamanı tələbələr ekoloji problemlərin qlobal nəticələr doğurduğunu vurğulayıb, vətəndaş məsuliyyətinin artırılması üçün təhsil və məlumatlandırma kampaniyalarının əhəmiyyətini xüsusi qeyd ediblər.
Debat iştirakçıları belə platformaların dostluq əlaqələrinin möhkəmlənməsi, yeni ideyaların irəli sürülməsi və iqlim problemlərinə dair əməkdaşlığın genişləndirilməsi üçün vacib olduğunu bildirib, bu cür tədbirlərin davamlılığını arzu ediblər.
Tədbirin sonunda tələbələrə uğurlu çıxışlarına görə sertifikatlar təqdim edilib.