“Yaşıl gələcək üçün ekoloji təhsil” sərgisi açılıb


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən “Yaşıl gələcək üçün ekoloji təhsil” adlı sərgi böyük maraqla qarşılanıb. Sərgi Kitabxana, Dizayn fakültəsi, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin birgə təşkilatçılığı ilə keçirilib və gənclərə ekoloji problemlərin müzakirəsi üçün mühüm bir platforma yaradıb.

Universitet rəhbərliyi, akademik heyət və tələbələrin qatıldığı sərgidə müxtəlif ekoloji mövzular ətrafında təqdimatlar edilib. Müzakirələr zamanı ekoloji problemlərin həlli, dayanıqlı inkişaf, ətraf mühitin qorunması və resursların düzgün istifadəsi kimi vacib məsələlər ön planda olub.

Sərginin diqqət çəkən məqamlarından biri Dizayn fakültəsinin 162r2 qrup tələbəsi Nurlana Musayevanın “Eko-kitabxana: kitabxanalar dünyanı necə xilas edə bilər” adlı təqdimatı olub. O, kitabxanaların ekoloji təhsil və maarifləndirmədə oynadığı əhəmiyyətli rolu vurğulayıb, innovativ həll yolları ilə auditoriyanın böyük marağına səbəb olub. 

Sərgi çərçivəsində iştirakçılar ekoloji məsələlərdən bəhs edən müxtəlif kitablarla yaxından tanış olublar. 

Ziyarətçilər ekoloji problemlərin həlli üçün kollektiv səylərin vacibliyini vurğulayıb. Gəncləri ekoloji problemlərə həssas yanaşmağa səsləyiblər. 

Məlumat üçün bildirək ki, sərginin əsas məqsədi ekoloji təhsilin əhəmiyyətini vurğulamaq və gəncləri ətraf mühitin qorunması məsələlərində daha aktiv olmağa təşviq etməkdir. Bu təşəbbüs həmçinin gənclər arasında ekoloji mövzulara dair müzakirələrin stimullaşdırılmasına töhfə verib.

Sərginin sonunda universitetin təhsil və sosial-mədəni həyatında fəal iştirak edən bir qrup tələbə təşəkkürnamələrlə təltif olunub.
 

19-12-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]