Daşkənd Memarlıq və İnşaat Universitetinin əməkdaşları AzMİU-da ixtisasartırma və staj proqramı keçəcək
Özbəkistanın Daşkənd Memarlıq və İnşaat Universitetinin bir qrup professor-müəllim heyəti 15-29 dekabr tarixlərində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ixtisasartırma və staj proqramında iştirak edəcəklər. Özbəkistanlı qonaqlar AzMİU-nun struktur bölmələri və kafedralarına təhkim olunaraq müxtəlif elmi fəaliyyətlərdə iştirak edəcək və universitetin tədris və elmi təcrübəsi ilə yaxından tanış olacaqlar.
Səfərin ilk günü qonaqlar AzMİU-nun tədris işləri üzrə prorektoru professor Akif Qasımov, beynəlxalq əlaqələr üzrə prorektor professor Nərgiz Abdullayeva və kafedra müdirləri ilə görüşüblər. Dəyirmi masa ətrafında keçirilən görüşdə iki universitet arasında tədris və elmi sahədə əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə edilib.
Professor Akif Qasımov çıxışında gələn il AzMİU-nun 50 illik yubileyinin qeyd olunacağını bildirib. Bu 50 ildə universitetin qazandığı uğurlar, memarlıq-inşaat təhsili sahəsində əldə etdiyi nailiyyətləri xatırladıb. AzMİU-nun elmi-texniki potensialı, müəllim-tələbə kontingenti, beynəlxalq əlaqələri, fakültə və ixtisasları, ikili diplom proqramları barədə qonaqları məlumatlandırıb.
Beynəlxalq əlaqələr üzrə prorektor professor Nərgiz Abdullayeva AzMİU-nun Mərkəzi Asiya regionunda qurduğu əlaqələrin son 2 il ərzində genişləndiyini diqqətə çatdırıb. O, xüsusilə Qazaxıstan universitetləri ilə əməkdaşlığı uğurlu nümunə kimi qeyd edib, gələcəkdə Özbəkistan universitetləri ilə əlaqələrin daha da genişlənməsinə ümidvar olduğunu deyib.
Qonaqlar öz növbəsində təmsil etdikləri universitetin beynəlxalq əməkdaşlıq təcrübəsi barədə məlumat verərək müxtəlif xarici ali təhsil müəssisələri ilə həyata keçirilən elmi tədqiqat layihələri və tədris sahəsindəki yeniliklərdən bəhs ediblər.
Görüşdə tərəflər akademik və tələbə mübadiləsi, elmi layihələrdə əməkdaşlıq, birgə konfransların və tədbirlərin təşkili kimi məsələlərdən söhbət açıblar.