“Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” – AzMİU-da aktual mövzuya dair konfrans


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” mövzusunda elmi konfrans keçirilib. Tədbir Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və Regional Mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsili məsələləri üzrə Baş idarənin birgə təşkilatçılığı ilə baş tutub.

Konfransın keçirilməsində məqsəd gənclərə öz təhlükəsizliklərini qorumaq üçün bilik və bacarıqlar qazandırmaq, tələbələr arasında təhlükəsizlik mədəniyyətini təşviq etmək və bu sahədə maarifləndirici məlumatların yayılması olub.

Əvvəlcə Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bötövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən AzMİU-nun prorektoru professor Akif Qasımov tələbə gənclərin təhlükəsizliyi ilə bağlı məsələlərin universitet rəhbərliyinin prioritetləri arasında olduğunu vurğulayıb. Prorektor bildirib ki, təhlükəsizlik təkcə qaydalar toplusu deyil, həm də gənclərin həyat keyfiyyətini təmin edən vacib amildir. Universitetimizdə bu istiqamətdə tədris prosesindən tutmuş müxtəlif layihələrə qədər çoxşaxəli işlər görülür.

ATGTİ-nin nümayəndəsi Osman Müşəyev çıxışında tələbələrin təhlükəsizliyi mövzusunda keçirilən bu kimi tədbirlərin əhəmiyyətindən söhbət açıb.

Konfrans çərçivəsində müxtəlif mövzularda təqdimatlar keçirilib. Fərqli universitetlərdən olan tələbələr məruzəçi qismində çıxış edərək təhlükəsizlik və fövqəladə hallara hazırlıqla bağlı vacib məsələləri iştirakçılara çatdırıblar. “Tikintidə yaranan fövqəladə hallar və onların nəticələri”,  “Psixi sağlamlığın təhlükəsizliyi və dayanıqlı inkişafın təmin edilməsi”, “Tələbələrin təhlükəsizliyinin maarifləndirilməsində sosial medianın rolu” və digər mövzuları əhatə edən təqdimatlar böyük maraqla qarşılanıb.   

Konfrans çərçivəsində Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub. İştirakçılar fövqəladə hallara hazırlıq və təhlükəsizlik tədbirləri haqqında ətraflı məlumat əldə ediblər.

Sonda FHN Bakı Regional Mərkəzinin rəisi, general-mayor Məhərrəm Həsənov yekun nitq ilə çıxış edib. O, təhlükəsizlik məsələlərinin gənclər arasındav təbliğinin vacibliyini nəzərə çatdırıb, bu istiqamətdə həyata keçirilən tədbirlərin davamlı olacağını qeyd edib.

Konfrans geniş iştirakçı auditoriyası və səmərəli müzakirələrlə yadda qalıb. Beləliklə tələbələrdə təhlükəsizlik mədəniyyətinin inkişafına töhfə verib. 
 

13-12-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]