Tələbələrimizin “Əbədiyaşar İrs” adlı sərgisi açılıb
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan “Əbədiyaşar İrs” adlı rəsm sərgisi açılıb. Sərgi tələbələrin Ulu Öndərin zəngin irsini əks etdirən rəsm, foto və esse yaradıcılığını ictimaiyyətə təqdim etmək məqsədini daşıyıb.
Sərgidə universitet rəhbərliyi, müəllim heyəti, tələbələr və digər qonaqlar iştirak ediblər.
Sərginin açılışında çıxış edən THİK sədri Şahmar Rəfili bu cür layihələrin tələbələr üçün əhəmiyyətindən danışıb. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın inkişafı naminə gördüyü misilsiz xidmətləri xatırladıb. Eyni zamanda gəncləri Heydər Əliyev ideyalarını mənimsəməyə, öz yaradıcılıqlarında bu ideaları təbliğ etməyə səsləyib.
Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova və Dizayn fakültəsinin dekanı Fərid Kərimov da sərgi barədə öz fikirlərini bölüşüblər. Onlar tələbələrin yaradıcılıq imkanlarını yüksək qiymətləndirərək, bu cür sərgilərin gənclərin istedadlarının üzə çıxarılmasında mühüm əhəmiyyət daşıdığını bildiriblər. Dekanlar, həmçinin Heydər Əliyev irsinin Azərbaycan gəncləri üçün bir yol göstəricisi olduğunu xüsusi vurğulayıblar.
Sərgi çərçivəsində nümayiş olunan əsərlər ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Tələbələr Ulu Öndərin həyat və fəaliyyətini, milli dəyərlərimizin qorunması və inkişafında oynadığı rolu rəsmlərində əks etdirməklə ön plana çəkiblər.
Sonda sərgiyə təqdim olunan əsərlər arasından ən yaxşıları seçilərək müəlliflər mükafatlandırılıb. Qaliblərə sertifikatlar və xüsusi hədiyyələr təqdim olunub.
“Əbədiyaşar İrs” sərgisi Heydər Əliyev irsinin gənclər arasında təbliği və tələbələrin yaradıcılıq potensialının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edən bir tədbir kimi yadda qalıb. Bu cür layihələr gəncləri milli dəyərlərə bağlılığa təşviq etməklə yanaşı, onların yaradıcı düşüncə tərzini inkişaf etdirməyə şərait yaradıb.