Fizika və Kimya kafedrası Yıldız Texniki Universitetinin aidiyyəti qurumları ilə əməkdaşlığa başlayır


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Fizika və Kimya kafedrasının müdiri professor Adil Abdullayev və kafedranın müəllimi Rəna Xankişiyeva  1-6 dekabr tarixlərində Türkiyənin Yıldız Texniki Universitetində (YTU) təcrübə mübadiləsində olublar.

Əməkdaşlarımız YTU-nun Fen Ədəbiyyat fakültəsinin dekanı professor Salim Yüce, Fizika bölümünün rəhbəri professor Zeynep Güven Özdemir, Kimya bölümünün rəhbəri professor Ali Erdoğmuş və universitetin dəyərli alimləri ilə görüşlər keçirib. Görüşlərdə YTU-də tədrisin təşkili, elmi-tədqiqat sahəsindəki nailiyyətləri təqdim edilib. Laboratoriya dərslərinin keçirilməsi, təhlükəsizlik qaydaları, dərs proqramları, dərsliklər və laboratoriya kitabları ilə bağlı ətraflı məlumat verilib.

Bu proqram çərçivəsində YTU-nin Fen Ədəbiyyat fakültəsinin Fizika və Kimya bölümlərində müasir elmi-tədqiqat laboratoriyaları ilə tanışlıq və AzMİU ilə birgə əməkdaşlıq imkanlarının müzakirəsi aparılıb. Professor Adil Abdullayev YTU-də təşkil olunan elmi seminarda  “Radiasiya təsirinə məruz qalmış A3 BC2  qruplu birləşmələrdə relaksasiya proseslərinin xüsusiyyətləri” və “Amorf quruluşlu metallar” mövzularında təqdimatlarla çıxış edib. Təqdimatlar geniş elmi auditoriya tərəfindən böyük maraqla qarşılanıb və mövzular ətrafında aktiv müzakirələr aparılıb.

Diskussiyalar zamanı relaksasiya proseslərinin yeni tədqiqat yanaşmaları, amorf materialların sənayedə tətbiq imkanları kimi aktual məsələlər müzakirə olunub. Seminarda iştirak edən mütəxəssislər arasında qarşılıqlı fikir mübadiləsi nəticəsində birgə tədqiqat layihələrinin icrası və gələcək əməkdaşlıq üçün konkret addımların atılması planlaşdırılıb. 

Rəna Xankişiyeva isə Kimya bölümünün  nəzdində Fiziki-Kimya Tədqiqat Laboratoriyasının rəhbəri professor Tarık Eren ilə əməkdaşlıq barədə söhbət aparıb. Görüş zamanı, poliuretan tullantıları əsasında yeni rezin kompozitlərinin və bioplastiklərin hazırlanması üzrə iki beynəlxalq tədqiqat layihəsinin icrası  razılaşdırılıb. Eyni zamanda Tarık Eren, Rəna Xankişiyevanın elmlər doktorluğu dissertasiyasına elmi məsləhətçi kimi qoşularaq birgə tədqiqat işlərinə start veriblər.

Universitet təmsilçilərimiz, eyni zamanda YTU-nin rektoru professor Eyüp Debik, inzibati heyət və fakültə əməkdaşlarının iştirak etdiyi Akademik Şura iclasına dəvət alıblar. İclasda Fən Ədəbiyyatı fakültəsinin 2024/2025-ci tədris ili üzrə hesabatı dinlənilib. İclasda fakültənin inkişaf perspektivləri, tədris proqramlarında edilən yeniliklər və tələbələr üçün təqdim olunan yeni imkanlar müzakirə olunub. 

Qeyd edək ki, əməkdaşlarımızın bu cür təcrübə proqramlarında iştirakı AzMİU-nun beynəlxalq akademik əlaqələrinin gücləndirilməsi və innovativ tədris metodlarının tətbiqi istiqamətində mühüm rol oynayır. 
 

10-12-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]