Layihələrin idarə edilməsi kafedrasında növbəti elmi seminar keçirilib


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Layihələrin idarə edilməsi kafedrasının təşkilatçılığı ilə “Layihə komandasının formalaşdırılmasının rəsmiləşdirilməsi” mövzusunda elmi seminar keçirilib. Seminarda kafedranın professor-müəllim heyəti və magistrları iştirak ediblər.

Seminarda çıxış edən kafedranın ukraynalı dəvətli qonağı, elm və texnika sahəsi üzrə Ukrayna Dövlət mükafatçısı laureatı, elmlər doktoru, professor İqor Vladimiroviç Kononenko İT sahəsində layihə komandasının formalaşdırılması ilə bağlı yeni yanaşmalar və riyazi modellər təqdim edib.

Professor Kononenko seminarın əsas mövzusu olaraq məhsulun keyfiyyətinin layihə komandasının tərkibindən necə asılı olduğunu vurğulayıb. O, komanda yaradılarkən namizədlərin kompetensiyalarına və bu kompetensiyaların qiymətləndirilməsindəki qeyri-müəyyənliklərə diqqət yetirib.

Təqdim olunan riyazi model qeyri-müəyyən ilkin məlumatlar şəraitində layihə komandasının yaradılmasını optimallaşdırmağa yönəlib. Mövcud yanaşmalardan fərqli olaraq, təklif olunan model komanda üzvlərinin dominant kompetensiyalarını və ümumi kompetensiyalar cəmini maksimal artırmağı hədəfləyir, eyni zamanda əməkhaqqı xərcləri, komanda üzvlərinin mövcud zaman ehtiyatları və komanda kompetensiyaları kimi məhdudiyyətləri nəzərə alır.

Seminarın sonunda professor Kononenko təklif olunan riyazi modelin İT layihə komandasının tərkibinin optimallaşdırılması məsələsini necə həll edəcəyini və gələcək tədqiqatların bu sahədə necə daha da inkişaf etdirilə biləcəyini iştirakçılara təqdim edib.

Elmi seminarda iştirak edən magistrlar və professor-müəllim heyəti yeni yanaşmalarla bağlı maraqlı suallar verərək öz fikirlərini bölüşüblər. 

Qeyd edək ki, belə elmi tədbirlər universitetimizin tədqiqat sahəsindəki yenilikləri izləməyə və inkişaf etdirməyə yönələn səylərinin bariz nümunəsidir.
 

09-12-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]