Universitetimizdə Qərbi Azərbaycanın mədəni irsi mövzusunda gənclərlə görüş keçirilib


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi tərəfindən “Gənclər arasında Qərbi Azərbaycanın tarixi və mədəni irsinin müasir informasiya metodları ilə təbliği” layihəsi çərçivəsində görüş təşkil olunub.

Tədbiri giriş sözü ilə açan THİK sədri Şahmar Rəfili layihənin əsas məqsədinin Qərbi Azərbaycanın mədəni mühitinin tanıdılması, tarixi irsi və görkəmli şəxsiyyətlərinin təbliği olduğunu vurğulayıb. O, mövzunun müasir rəqəmsal və audiovizual texnologiyalardan istifadə etməklə geniş auditoriyaya çatdırılmasının əhəmiyyətini qeyd edib, sosial mediada gənclər üçün Qərbi Azərbaycanla bağlı daha çox məzmunun paylaşılmasının vacibliyini önə çəkib.

Digər çıxışçılar da Qərbi Azərbaycanın zəngin tarixi və mədəni irsinin qorunması və təbliğində gənclərin rolunu xüsusi vurğulayıb, müasir informasiya texnologiyalarının bu sahədə istifadəsinin önəmini qeyd ediblər. Onlar, həmçinin rəqəmsal alətlərin və sosial medianın Qərbi Azərbaycan mədəni irsinin geniş auditoriyalara çatdırılmasında effektiv vasitə olduğunu bildirib və bu istiqamətdə tövsiyələrini paylaşıblar.

Tədbirin sonunda “Qarabağ” İKT Mərkəzinin istehsalı olan “İrəvan – Gizlədilmiş həqiqətlər” adlı sənədli film nümayiş etdirilib. Film iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Ümumilikdə tədbir gənclərin Qərbi Azərbaycan mədəni irsinin öyrənilməsi və təbliğinə daha fəal cəlb edilməsinə yönəlmiş mühüm addımlardan biri kimi qiymətləndirilib.
 

09-12-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]