Əcnəbi tələbələrimiz Şuşa şəhərində keçirilən İslam dünyasının "Gənclər Paytaxtı"nın təntənəli bağlanış mərasimində iştirak ediblər
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təhsil alan 14 əcnəbi tələbə universitetin Əcnəbi tələbələrin təhsili üzrə dekan müavini Kəmalə Sərdarovanın rəhbərliyi ilə 2024-cü il üçün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) "Gənclər Paytaxtı" seçilmiş Şuşa şəhərində İslam dünyasının "Gənclər Paytaxtı"nın təntənəli bağlanış mərasimi çərçivəsində bir sıra tədbirdə iştirak ediblər. İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdən olan tələbələr üçün nəzərdə tutulmuş tədbirlər planı çərçivəsində maraqlı təlimlər, sessiyalar, marafonlar və mədəni proqramlar təşkil olunub.
Səfər çərçivəsində tələbələrimiz Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində də olublar.
Şuşada keçirilən tədbirlərin əsas məqsədi İƏT-ə üzv ölkələrin gəncləri arasında həmrəyliyi gücləndirmək, gənclər siyasəti sahəsində əməkdaşlığı inkişaf etdirmək və mədəniyyətlərarası dialoqu təşviq etməkdir. Tədbirlər həmçinin gənclərin öz potensiallarını üzə çıxarmaq və beynəlxalq əməkdaşlıq sahəsində yeni əlaqələr qurmaq imkanı yaradıb.
Təlimlər və sessiyalar iştirakçılara İslam Əməkdaşlıq Təşkilatının gənclər siyasətinə dair biliklərini artırmaq, müxtəlif ölkələrdən olan gənclərlə fikir mübadiləsi aparmaq və yeni layihələrə imza atmaq imkanları təqdim edib. Marafonlar və mədəni proqramlar isə gənclərin bir-biri ilə daha yaxından tanış olmasına və mədəni mübadilənin artmasına xidmət edib.
Qeyd edək ki, AzMİU dünyanın müxtəlif ölkələrindən olan tələbələrə yüksək keyfiyyətli təhsil imkanları təqdim edir. Universitet tələbələrinə beynəlxalq əməkdaşlıq və mədəni mübadilə sahələrində geniş imkanlar yaradır.