İki şəhər, bir yaradıcı baxış: AzMİU və DEU tələbələrinin birgə sərgisi
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Doqquz Eylül Universiteti (DEU) arasında davam edən ikitərəfli əməkdaşlıq çərçivəsində təşkil olunan “Sərhədləri aşmaq / şəhər kimliyini yenidən düşünmək: Bakı və İzmir” adlı atelye sərgisinin açılış mərasimi keçirilib.
İki Şəhər, Bir Yaradıcı Baxış
DEU-nin rektorluq binasının foyesində baş tutan sərgi, beynəlxalq əməkdaşlığın önəmini vurğulamaqla yanaşı şəhər kimliyinin yenidən düşünülməsi mövzusunda yaradıcı həlləri ön plana çəkib. Açılışa universitetin rektoru professor Bayram Yılmaz, akademik heyət, Memarlıq fakültəsinin tələbələri və AzMİU-dan layihədə iştirak edən tələbələr qatılıb.
Qırmızı Lent və Birlik Mesajı
Sərginin rəmzi açılışını bildirən qırmızı lent kəsilərkən professor Bayram Yılmaz bu sərginin yalnız iki şəhəri deyil, iki mədəniyyəti birləşdirərək sərhədləri aşan bir yaradıcı gücün nümunəsi olduğunu və Bakı ilə İzmirin şəhər ruhunu bir araya gətirdiyini vurğulayıb.
Üç Həftəlik Yaradıcı Yol
Sərgi üç həftəlik intensiv əməkdaşlığın nəticəsi olaraq ərsəyə gəlib. İlk həftə onlayn keçirilən atelye işlərindən sonra Bakı və İzmir şəhərlərində iki mərhələli iş prosesi reallaşıb. Sərginin kuratorları isə DEU-dan professor Hümeyra Birol, dosent Gözde Ekşioğlu Çetintahra, AzMİU-dan isə professor Yeganə Hacıyeva, Aytən Şərifova və Cəmilə Qədirli olub.
Şəhər Kimliyinə Dair Yeni Baxışlar
Sərgi şəhər məkanlarına dair yeni konseptlər, dizayn işləri və şəhər planları təqdim edib. Layihədə, xüsusilə ictimai məkanların şəhər kimliyi ilə əlaqəsini vurğulayan yenilikçi yanaşma ortaya qoyulub.