Materialşünaslıq kafedrasının professoru Qazi Universitetində təcrübə mübadiləsində olub
Birgə Elmi Tədqiqatlar Və Akademik Əməkdaşlıq Müzakirə Olunub
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Materialşünaslıq kafedrasının professoru Abbas Quvalov noyabrın 6-dan 15-dək Türkiyənin Qazi Universitetində təcrübə mübadiləsində iştirak edib. Səfər çərçivəsində Texnologiya fakültəsinin İnşaat bölümünün dekanı Salih Yazışıoğlu və bölümün aparıcı professorları ilə görüşüb. Keçirilən görüşdə elmi əməkdaşlıq və akademik layihələr müzakirə olunub. Geniş tərkibli toplantıda isə ikitərəfli əməkdaşlıq üçün bir sıra mühüm qərarlar qəbul edilib. Bu qərarlar arasında birgə tədqiqatların aparılması, qrant layihələrində iştirak, magistrantlara və doktorantlara birgə rəhbərlik, ikili diplom layihələrinin həyata keçirilməsi və elmi məqalələrin birgə nəşri yer alıb.
Qarabağ Zəfəri ilə Bağlı Paneldə Çıxış
Noyabrın 9-da Qarabağ zəfərinin 4-cü ildönümünə həsr olunmuş panel toplantısında professor Abbas Quvalov fəxri qonaq qismində çıxış edib. Qarabağın azadlığı və Bayraq Günü ilə bağlı fikirlərini bölüşən professorun çıxışı tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.
İnşaat Materialları Laboratoriyalarına Səfər
Professor Qazi Universitetinin inşaat materialları laboratoriyalarını da ziyarət edib. Laboratoriyalarda aparılan fiziki-mexaniki sınaqlarla yaxından tanış olub
Magistr Dissertasiyalarının Müzakirəsində İştirak
Proqram çərçivəsində Abbas Quvalov İnşaat materialları bölümündə magistr dissertasiyalarının aralıq müzakirələrində iştirak edib və öz tövsiyələrini verib.
Geoloji laboratoriyalara ziyarət və TUBİTAK ilə əməkdaşlıq
Professor Qazi Universitetinin geoloji laboratoriyalarını gəzib. Laboratoriyalarda aparılan müasir təcrübələr barədə məlumat alıb və bu imkanlardan istifadə üçün dəstək vəd olunub. Günün ikinci yarısında TUBİTAK-da keçirilən görüşlərdə Abbas Quvalov bir neçə elmi qrupun üzvü seçilib. TUBİTAK ilə sıx əməkdaşlıq perspektivləri müzakirə edilib və mühüm addımlar atılıb.