Tikintidə riyaziyyatın gücü: Mühəndislikdə yeniliklər və zəlzələyə davamlı inşaat – Professor Muxlis Hacıyevlə Müsahibə
Ulu Öndər Heydər Əliyevin Təşəbbüsü və İnşaat Mühəndisləri İnstitutu
1970-ci illərdə ölkəmizdə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə geniş vüsət alan tikinti-quruculuq işləri Azərbaycanda inşaat sektorunun sürətli inkişafına yol açdı. Dahi Liderin uzaqgörən siyasəti təhsilə, elmə də böyük töhfələr verdi. Həmin illərdə Azərbaycanda İnşaat Mühəndisləri İnstitutunun (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti - AzMİU) yaradılması, müxtəlif ixtisaslar üzrə kadr hazırlığına xüsusi diqqət, işıqlı gənclərin keçmiş SSRİ-nin ən qabaqcıl ali təhsil müəssisələrinə göndərilməsi effektiv nəticələr verdi. Ulu Öndərin təşəbbüsü və nüfuzu sayəsində o dövrdə Sankt-Peterburq Dövlət Memarlıq və İnşaat Universitetində təhsil alanlardan biri də Muxlis Hacıyevdir.
Hazırda inşaat sahəsində ən qabaqcıl elm adamlarından, riyaziyyata böyük rəğbət bəsləyən texnika üzrə elmlər doktoru, professor, əməkdar müəllim, AzMİU-nun “İnşaat konstruksiyaları” kafedrasının müdiri Müxlis Hacıyevlə müsahibəmizi təqdim edirik.
Muxlis müəllim, inşaat mühəndisliyi sahəsini seçməyinizin əsas səbəbləri nələrdir və bu sahədə əldə etdiyiniz ən əhəmiyyətli elmi və peşəkar nailiyyətləriniz hansılardır?
Mən VIII sinfi bitirdikdən sonra təhsilimi 1975-1977-ci illərdə Respublika 1 nömrəli Fizika-Riyaziyyat təmayüllü internat məktəbində davam etdirmişəm. Riyaziyyat sahəsində təhsil aldığım üçün bütün nailiyyətlərim bu sahə ilə bağlı idi və özümü gələcəkdə riyaziyyatçı kimi görürdüm. Həmin dövrdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə belə bir sistem formalaşdırılmışdı ki, istedadlı şagirdlər qəbul imtahanlarını burada verirdi, lakin təhsillərini Rusiyanın tanınmış ali məktəblərində davam etdirirdilər. Mən də bu sistem çərçivəsində qəbul imtahanını müvəffəqiyyətlə verdim və Leninqrad İnşaat Mühəndisləri İnstitutuna (indiki Sankt-Peterburq Dövlət Memarlıq və İnşaat Universiteti) qəbul oldum. Beləliklə, mühəndislik sahəsini seçdim, lakin elə bir ixtisasa yönəldim ki, burada qarşıya çıxan problemlər əsasən riyaziyyatın tətbiqi yolu ilə həll olunurdu.
Leninqradda ali təhsil aldığım dövrdə fərqlənən tələbələr sırasında olduğum üçün elmi fəaliyyətə cəlb edildim. Artıq tələbəlik illərimdə elmi işlə məşğul olmağa başladım. İlk elmi tədqiqatlarım elastik əsas üzərində oturan özüllərin hesablanma metodikasına həsr olunmuşdu. Universiteti bitirdiyim zaman, digər tələbələrdən fərqli olaraq diplom layihəsi deyil, üç opponentlə elmi işimi müdafiə etdim. Bu universitetin tədris həyatında ilk dəfə baş verən bir hadisə idi. Ali təhsilimi tamamladığım il universitetin 150 illik yubileyi qeyd olunurdu və bu uğurum həmin yubiley tədbirində geniş şəkildə işıqlandırıldı. Daha sonra yeni bir tədqiqat sahəsinə yönəldim. Bu sahə riyaziyyatın daha intensiv tətbiq olunduğu və inşaat konstruksiyalarının az işlənmiş bir istiqaməti idi. Tədqiqatlarım “Sürüngənlik nəzəriyyəsi” adlanan sahəyə həsr olundu. Bu sahədə apardığım elmi işlər nəticəsində həm namizədlik, həm də doktorluq dissertasiyalarımı uğurla müdafiə elədim.
1982-ci ildə təyinatla Azərbaycan Memarlıq və İnşaat Universitetinə gəldim. Hal-hazırda bu universitetdə həm müəllim, həm də İnşaat Konstruksiyaları kafedrasının müdiri vəzifəsində çalışıram. Hesab edirəm ki, alimlər də idmançılar kimi həmişə öz formalarını qoruyub saxlamalı və daim öz sahələrində yeniliklər öyrənməlidirlər. Bu yanaşmanı orta və ali təhsil dövründə aldığım elmi tərbiyənin nəticəsi kimi qiymətləndirirəm.
Müasir inşaat təhsili və inşaat sektoru sahəsində hansı istiqamətlərin prioritet olaraq inkişaf etdirilməsini vacib hesab edirsiniz?
Müasir inşaat təhsili və inşaat sektoru ilə bağlı mövcud problemləri və perspektivləri nəzərdən keçirərkən, vurğulamaq lazımdır ki, təhsil çox mürəkkəb texnoloji prosesdir. Burada qarşıya çıxan problemlərin qısa müddətdə tam həlli mümkün deyil və bu çətinliklər yalnız inşaat təhsili ilə məhdudlaşmır. Hazırda ölkəmizdə inşaat mühəndisliyi ixtisası üzrə kadr hazırlığı ilə məşğul olan bir neçə ali təhsil müəssisəsi fəaliyyət göstərir. Bununla belə, Azərbaycan Memarlıq və İnşaat Universiteti həm maddi-texniki baza, həm də kadr potensialı baxımından bu sahədə ən yüksək səviyyədədir. Bu, regionda bu sahədə ixtisaslaşmış yeganə ali təhsil müəssisəsi olaraq universitetin xüsusi statusu ilə izah olunur. İnşaat mühəndisliyi ixtisası üzrə kadr hazırlığının keyfiyyətinin beynəlxalq səviyyədə təsdiqlənməsi də bu faktı təsdiqləyir.
Kafedramızın bu uğurlarda nisbətən kiçik olsa da, lakin mühüm rolu vardır. Universitet rəhbərliyi tərəfindən müasir təhsil texnologiyalarının tədris prosesinə tətbiqi və tədrisin keyfiyyətinin yüksəldilməsi əsas prioritetlərdən biri olaraq müəyyən edilib. Kafedramız bu istiqamətdə fəal şəkildə çalışır və tələbələrin layihələndirmə və inşaat konstruksiyalarının hesablanması üzrə praktiki vərdişlərə yiyələnməsi üçün xüsusi laboratoriyalarla təmin olunub. Universitet rəhbərliyinin dəstəyi ilə yaradılmış üç müasir laboratoriya bu məqsədə xidmət edir. Bu laboratoriyalarda tələbələrə “İxtisasın informasiya texnologiyaları” və “İnşaat mühəndisliyində layihələndirmə” kimi əsas fənlər real layihələndirmə sahəsində təcrübəsi olan tanınmış mütəxəssislər tərəfindən tədris olunur. Kafedranın istehsalatla sıx əlaqələri bu prosesin təşkilində mühüm rol oynayır.
Bununla belə nəzərə alınmalıdır ki, inşaat elmi əsasən eksperimental tədqiqatlara söykənir. Təhsil müəssisələrinin laboratoriya bazasının genişləndirilməsi və modernləşdirilməsi bu baxımdan əsas məsələlərdən biridir. Hesab edirəm ki, respublikada inşaat sektoru üzrə eksperimental tədqiqatların həyata keçirilməsi üçün müvafiq infrastrukturun, xüsusən də çoxfunksiyalı eksperimental sınaq poliqonunun yaradılması vacibdir. Belə bir poliqonun qurulması yalnız universitetlərin deyil, həm də respublikanın inşaat sahəsində fəaliyyət göstərən iri müəssisələrinin və Fövqəladə Hallar Nazirliyi kimi təşkilatların birgə əməkdaşlığı ilə mümkün ola bilər. Bu təşəbbüs mühüm praktiki əhəmiyyətə malik məsələlərin həllinə, eləcə də inşaat konstruksiyaları sahəsində elmi nailiyyətlərin artırılmasına töhfə verərdi. Buna görə də belə bir poliqonun yaradılması inşaat təhsili və sektoru üçün strateji əhəmiyyət kəsb edir.
Respublikamızın zəlzələ bölgəsində yerləşməsi nəzərə alındığında, inşaat konstruksiyalarının zəlzələyə davamlılığının təmin edilməsi mühüm prioritet məsələ olaraq qarşımıza çıxır. Bu sahədə hansı elmi və texniki yanaşmaların tətbiq olunması zəlzələlərin potensial təhlükələrini azaltmaq və konstruksiyaların dayanıqlılığını artırmaq üçün lazımlıdır?
Bu sahədə həyata keçirilən tədbirlərin ölkəmizdə kifayət qədər yüksək səviyyədə təşkil olunduğunu əminliklə vurğulamaq olar. Respublikamızda Fövqəladə Hallar Nazirliyinin nəzdində fəaliyyət göstərən Tikintidə Təhlükəsizlik Dövlət Agentliyi bu istiqamətdə əsas tənzimləyici qurumdur. Sözügedən agentliyin konstruksiya bölməsində çalışan mütəxəssislərin əksəriyyəti Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat Konstruksiyaları kafedrasının müəllimləridir. Onların ekspertizası əsasında ölkəmizdə tikilməsi planlaşdırılan bina və qurğuların möhkəmlik və zəlzələyə davamlılıq baxımından mövcud normativ sənədlərin tələblərinə uyğunluğu yoxlanılır və bu sahədə qərarlar qəbul edilir.
Eyni zamanda, ölkəmizdə inşaat və memarlıq sahəsində normativ sənədlərin hazırlanması Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilir. Bu prosesə yerli mütəxəssislər cəlb olunur və normativlər mütəmadi olaraq yenilənir. İnşaat sahəsində əldə edilən elmi nailiyyətlərin normativ sənədlərə daxil edilməsi məqsədilə bu sənədlər dövrün tələblərinə uyğun şəkildə təkmilləşdirilir. Zəlzələyə davamlılıq normalarının işlənib hazırlanmasında və ekspertizasının aparılmasında kafedramızın əməkdaşları yaxından iştirak edir. Tikintidə Təhlükəsizlik Dövlət Agentliyinin yaradılmasından sonra inşa olunan bina və qurğuların normativ sənədlərin tələblərinə uyğun tikildiyini əminliklə söyləmək mümkündür.
Zəlzələyə davamlı tikililərin inşası zamanı həyata keçirilən tədbirlər arasında hündür binaların, körpülərin və digər mühüm ictimai obyektlərin seysmik dayanıqlığını təmin edən müasir texnologiyaların tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Bu işlərdə Almaniyanın tanınmış “Maurer” şirkəti kimi qlobal səviyyədə öz sözünü demiş şirkətlərin dəstəyindən geniş istifadə olunur. Həmin şirkətlə kafedramız arasında sıx əməkdaşlıq mövcuddur və onların nümayəndələri tərəfindən tələbələr və müəllim heyəti üçün bu mövzuda müxtəlif seminarlar təşkil edilmişdir.
Məsələnin aktuallığını nəzərə alaraq 2020-ci ildə təsdiqlənmiş inşaat mühəndisliyi ixtisasının tədris proqramına “Qurğuların dinamikası” və “Binaların zəlzələyə davamlılığı” kimi fənlərin daxil edilməsi planlaşdırılmışdı. Bu fənlərin müasir texnologiyalar əsasında tədrisinin təmin edilməsi məqsədilə universitetdə müvafiq laboratoriyalar yaradılmışdı. Sözügedən tədbirlər respublikamızda layihələndirilən, tikilən bina və qurğuların möhkəmlik və zəlzələyə davamlılıq baxımından müasir tələblərə uyğun olmasına şərait yaradır. Ümid edirəm ki, bütün bu yanaşmalar həm inşaat mühəndisliyi sahəsinin inkişafına, həm də respublikamızda tikinti təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasına xidmət edir.
Muxlis müəllim, layihələndirmə prosesində hansı əsas amillərin nəzərə alınması zəruridir və layihənin uğurlu həyata keçirilməsi üçün bu amillərin rolunu necə qiymətləndirirsiniz?
Layihələndirmə prosesində nəzərə alınması vacib olan əsas aspektlərdən biri layihələndirilən bina və ya qurğunun istismar müddətində funksionallıq və tələblərə tam uyğunluğunun təmin edilməsidir. Bu, o deməkdir ki, əgər layihələndirilən obyekt yaşayış binasıdırsa, onun sakinlərinin rahatlığı üçün maksimum əlverişli şərait yaradılmalıdır. Bununla yanaşı, layihələrin işlənməsi və tikinti zamanı ekoloji tələblərə riayət olunması da mühüm əhəmiyyət kəsb edir. Layihələndirilən bina və qurğular gələcəkdə istismar müddətində ətraf mühitə mənfi təsir göstərməməli və heç bir ekoloji problem yaratmamalıdır.
Digər vacib bir məqam isə layihələndirmə zamanı ərazinin gələcək inkişafının diqqətə alınmasıdır. Hər bir layihə yalnız cari ehtiyacları deyil, həm də ərazinin perspektiv inkişafı və gələcək tələbləri nəzərə almalıdır. Bu yanaşma həm şəhərsalma prinsiplərinə, həm də dayanıqlı inkişaf məqsədlərinə uyğundur.
Bununla yanaşı, möhkəmlik və zəlzələyə davamlılıq kimi texniki aspektlər də layihələndirmənin əsas prioritetlərindən biridir. Ümumiyyətlə, hesab edirəm ki, layihələndirmə zamanı funksionallıq, ekoloji təhlükəsizlik, perspektiv inkişaf və möhkəmlik faktorlarının hər birinin sistemli şəkildə nəzərə alınması zəruridir. Bu yanaşma, layihələrin həm təhlükəsizlik, həm də dayanıqlılıq baxımından ən yüksək standartlara cavab verməsini təmin edəcəkdir.
Müasir inşaat konstruksiyaları sahəsində hansı texnoloji yeniliklər və innovativ yanaşmaların tətbiqi genişlənməkdədir? Bu yeniliklər inşaatın keyfiyyətinə və dayanıqlılığına necə təsir edir?
Müasir dövrdə inşaat konstruksiyaları sahəsində müşahidə olunan yeniliklər və innovativ yanaşmalar bu sahənin davamlı inkişafını təmin edən mühüm amillərdən biridir. İlk növbədə, konstruksiyaların hesablanmasında kompüter texnologiyalarının geniş tətbiqi xüsusi qeyd edilməlidir. Bu texnologiyalar vasitəsilə istənilən konfiqurasiyalı konstruksiyaların ədədi analizləri yüksək dəqiqliklə aparılaraq memarlıq baxımından unikal və estetik binaların layihələndirilməsinə şərait yaradılır. Məsələn, ümummilli lideri Heydər Əliyevin adını daşıyan mərkəz bu sahədəki texnoloji nailiyyətlərin əyani nümunəsi kimi göstərilə bilər.
Kompüter texnologiyalarının tətbiqi sayəsində qeyri-xətti analizlərin aparılması mümkündür. Bu, materialların möhkəmlik ehtiyatından maksimum istifadə etməyə, həmçinin konstruksiyaların qəza vəziyyətlərində davranışını yüksək dəqiqliklə proqnozlaşdırmağa imkan yaradır. Bununla yanaşı, hesablanma komplekslərinin imkanlarının genişlənməsi layihələndirilən konstruksiyaların xarici təsirlərə qarşı etibarlılığını artırmağa şərait yaradır.
İnşaat sahəsindəki digər mühüm yeniliklərdən biri isə nanomaterialların tətbiqi ilə bağlıdır. Nanotexnologiyalar əsasında əldə edilən bu materiallar xüsusi funksional xüsusiyyətlərə malikdir və onların tətbiqi binaların ekoloji səmərəliliyini artırır, daxili mikroiqlimin daha optimal şəkildə formalaşmasına şərait yaradır. Məsələn, nano-liflər əsasında alınmış yüksək möhkəmlikli karbon lifləri və laminatlar konstruksiyaların möhkəmliyinin artırılmasında geniş istifadə edilir. Bu materiallar konstruksiyanın en kəsik sahəsini dəyişmədən, sadə texnologiyalar vasitəsilə yükgötürmə qabiliyyətini artırmağa imkan verir.
Ümumilikdə, kompüter texnologiyaları və nanomaterialların tətbiqi müasir inşaat konstruksiyalarında dayanıqlılıq, etibarlılıq və səmərəliliyin yüksəldilməsi istiqamətində mühüm rol oynayır. Bu yeniliklər inşaat mühəndisliyi elminin inkişafına yeni imkanlar açaraq, gələcəkdə daha kompleks və davamlı konstruksiyaların yaradılmasına şərait yaradır.
Sizcə, inşaat mühəndisliyi üzrə təhsil hansı istiqamətlərdə inkişaf etdirilməlidir? Gənc mütəxəssislərin bu sahədə daha peşəkar yetişməsi üçün hansı addımların atılmasının vacib olduğunu düşünürsünüz?
İnşaat mühəndisliyi üzrə təhsilin inkişaf etdirilməsi və bu sahədə peşəkar kadrların hazırlanması müasir dövrdə mühüm əhəmiyyət kəsb edir. İlk növbədə, inşaat mühəndisliyi ixtisası üzrə tədris proqramlarının dünyada tanınmış və inşaat sahəsində yüksək səviyyədə inkişaf etmiş universitetlərin proqramlarına uyğunlaşdırılması zəruridir. Bu tədrisin beynəlxalq standartlara uyğunlaşdırılmasına və sahə üzrə yeniliklərin tədris prosesinə inteqrasiyasına şərait yaradır.
Qeyd etmək lazımdır ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti İstanbul Texniki Universiteti ilə ikili diplom proqramı çərçivəsində kadr hazırlığını həyata keçirir və bu əməkdaşlıq çərçivəsində inşaat mühəndisliyi ixtisasının proqramı maksimum dərəcədə uyğunlaşdırılmışdır. Lakin qeyd olunan proqramların tam eyniləşdirilməsi mümkün deyildir, çünki fənlərin sayı və öyrənilmə müddəti müxtəlifdir. Buna baxmayaraq, peşəkar kadrların hazırlanması üçün tədris proqramlarında yenilikçi fənlərin daxil edilməsi və onların məzmununun müasir tələblərə cavab verməsi vacibdir.
Bundan əlavə, inşaat mühəndisliyi üzrə təhsilin keyfiyyətinin yüksəldilməsində universitetlərin istehsalatla əlaqələrinin gücləndirilməsi mühüm rol oynayır. İstehsalatla sıx əməkdaşlıq yalnız universitetin maddi-texniki bazasının inkişafına deyil, həm də tələbələrin praktiki biliklərə yiyələnməsinə və peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edir. Dünya təcrübəsinin öyrənilməsi və tədris prosesinə tətbiqi bu sahədə hazırlanan kadrların rəqabət qabiliyyətini artıran əsas faktorlardandır.
Eyni zamanda, tələbə və müəllimlərin mobilliyinin təmin olunması vacibdir. Bu, beynəlxalq təcrübənin mənimsənilməsinə və biliklərin mübadiləsinə şərait yaradır. Həm təhsil alanlar, həm də təhsil verənlər daim dinamika və inkişaf prosesində olmalıdırlar. Bu yanaşma yalnız bu halda təhsil keyfiyyətinin yüksəldilməsinə gətirib çıxara bilər.
Ümumiyyətlə, inşaat mühəndisliyi sahəsində təhsil prosesinin müasir tələblərə uyğunlaşdırılması, beynəlxalq standartlara uyğun proqramların tətbiqi, istehsalatla əməkdaşlığın gücləndirilməsi və dünya təcrübəsinin öyrənilməsi bu sahədə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında əsas amillərdir.
Son olaraq, İnşaat mühəndisliyi sahəsində təhsil alan gənc mütəxəssislərə peşəkar inkişaflarını təmin etmək və bu sahədə yüksək keyfiyyətli ixtisaslaşmanı əldə etmək məqsədilə hansı tövsiyələr verərdiniz?
Gənclərə tövsiyəm odur ki, universitet illərini səmərəli şəkildə dəyərləndirsinlər və bu dövrün onların peşəkar inkişafının təməli olduğunu dərk etsinlər. Tələbəlik illəri insanın bilik qazanmaq, şəxsi və peşəkar bacarıqlarını inkişaf etdirmək üçün ən əlverişli dövrdür. Bu səbəbdən, təhsil aldıqları müddətdə maksimal səviyyədə biliklərə yiyələnmək üçün ardıcıl çalışmalıdırlar.
Unutmaq olmaz ki, inşaat mühəndisliyi kimi dinamik və məsuliyyətli bir sahədə uğur qazanmaq üçün yalnız nəzəri biliklər kifayət deyil, tələbələr həmçinin praktiki bacarıqlarını inkişaf etdirməli, texniki yeniliklərlə tanış olmalı və öz sahələrində qlobal trendləri izləməlidirlər. Hər bir günün kiçik bir bilik damlası, uzunmüddətli perspektivdə onların yüksəkixtisaslı mütəxəssis kimi formalaşmasında mühüm rol oynayır.
Bundan əlavə, tələbələr təhsil müddətində həm özəl layihələrdə, həm də universitet daxilindəki laboratoriya və araşdırma imkanlarından aktiv şəkildə istifadə etməlidirlər. İnşaat mühəndisliyində nəzəriyyə ilə təcrübənin vəhdəti mühüm əhəmiyyət daşıdığından, istər təcrübə proqramlarında, istərsə də real layihələrdə iştirak edərək əldə olunan təcrübə onların peşəkar gələcəyinə dəyərli töhfə verəcəkdir.
Təhsil prosesində əsas məsuliyyət yalnız təhsil verənin deyil, həm də təhsil alanın üzərinə düşür. Tələbələr bilməlidirlər ki, biliklərin mənimsənilməsi üçün davamlı səylər göstərmək və dərslərə planlı yanaşmaq onların uğurunun açarıdır. Müəllimlər olaraq biz hər zaman onların bilik əldə etməsi və inkişafında dəstək olmağa hazırıq. Gənclərimizə ən böyük arzum odur ki, daim öyrənməyə həvəsli olsunlar və bu həvəsi heç vaxt itirməsinlər. Çünki yalnız öyrənməklə hər kəs öz sahəsində fərq yarada və daha da yüksək zirvələrə çata bilər.
Müəllif: Qənirə Əhmədova
Foto: Əhməd Hüsüzadə