AzMİU Academy: Gələcəyin mütəxəssisləri üçün innovativ təhsil platforması


Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) tələbələrinin peşəkar inkişafını dəstəkləmək məqsədilə 2022-ci ildə təsis etdiyi “AzMİU Academy” müasir dövrün tələblərinə cavab verən bir təhsil platformasıdır. Akademiya texniki bilikləri və proqram təminatı üzrə bacarıqları pulsuz öyrədərək tələbələrə gələcək karyeraları üçün rəqabət üstünlüyü qazandırmağı qarşısına məqsəd qoyub.

İnnovativ yanaşma və yüksək keyfiyyətli tədris

“AzMİU Academy” fəaliyyətə başladığı ilk ildə AutoCAD, 3ds Max, Microsoft Office və digər proqramları tədris etməklə 100-ə yaxın tələbəyə xidmət göstərib. Onlardan 40-ı təlimləri uğurla tamamlayaraq sertifikat qazanıb. İkinci tədris ilində bu göstəricilər daha da yüksəlib: 150 tələbə qeydiyyatdan keçib, 50 nəfər sertifikat əldə edib.

Hazırda, 2024-2025 tədris ilində rekord sayda — 200-dən çox tələbə müxtəlif sahələrdə tədris olunan dərslərə qatılıb. Təklif olunan kurslar arasında Revit Architecture, Python, AutoCAD İnşaat, AutoCAD Memarlıq, Frontend proqramlaşdırma və Microsoft Office kimi mövzular var. Kurslar tələbələrin ixtisaslarına uyğun olaraq formalaşdırılır və müasir tədris texnologiyalarından istifadə edilir.

Tələbədən tələbəyə – bənzərsiz təcrübə mübadiləsi

“AzMİU Academy”nin mühüm xüsusiyyətlərindən biri proqramların universitetin təcrübəli tələbələri tərəfindən tədris edilməsidir. Bu yanaşma həm tədris edənlər, həm də öyrənənlər üçün qarşılıqlı təcrübə mübadiləsinə imkan yaradır və universitet icmasında əməkdaşlıq ruhunu gücləndirir.

Universitetin dəstəyi və təşkilati əməkdaşlıq

“AzMİU Academy”nin uğurla fəaliyyət göstərməsi və tələbələr üçün unikal imkanlar təqdim etməsi universitet rəhbərliyinin, xüsusən də AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədovanın davamlı dəstəyinin nəticəsidir. Akademiyanın yaradılması rektorun təşəbbüsü ilə həyata keçirilib və onun vizyonu sayəsində tələbələr üçün pulsuz təhsil platforması formalaşıb.

Akademiyanın təşkil olunmasında və fəaliyyətinin davamlı inkişafında Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və İnşaat fakültəsi də mühüm rol oynayıb. THİK tələbələrin akademik və sosial inkişafını dəstəkləmək üçün müxtəlif tədbirlər təşkil edərək, “AzMİU Academy”nin geniş tələbə kütləsinə çatmasına yardımçı olub. İnşaat fakültəsi isə tədris proqramlarının formalaşdırılmasında, uyğun mütəxəssislərin seçilməsində və dərs planlarının hazırlanmasında yaxından iştirak edib.

Bu əməkdaşlıq nəticəsində “AzMİU Academy” tələbələr üçün yalnız bilik əldə etmə platforması deyil, həm də gələcək mütəxəssislər arasında əməkdaşlıq və təcrübə mübadiləsi üçün bir mərkəzə çevrilib. Universitetin dəstək strukturları tələbələrin akademik və peşəkar ehtiyaclarını qarşılamaq üçün akademiyanın imkanlarını daha da genişləndirmək məqsədilə daim işlər aparır.

Texnologiya dünyasına açılan qapı

“AzMİU Academy” tələbələrə yalnız texniki biliklər öyrətməklə kifayətlənmir, eyni zamanda onların gələcəkdə texnoloji dəyişikliklərə uyğunlaşa bilməsi üçün baza formalaşdırır. Daha geniş təhsil imkanları yaratmaq məqsədilə AzMİU "Code Academy" ilə də əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində tələbələrə proqramlaşdırma və digər rəqəmsal bacarıqlar üzrə pulsuz kurslar təşkil olunur.

“AzMİU Academy” tələbələrin gələcəyin texnologiyayönümlü əmək bazarına mükəmməl şəkildə hazırlanmasını təmin edən unikal bir platformadır. Bu akademiyada hər tələbə öz potensialını kəşf edərək, peşəkar inkişafını təmin edə bilər.

28-11-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]