Əməkdaşlarımız Alanya Alaaddin Keykubad Universitetində akademik mobillik proqramında iştirak ediblər


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mexanika və İnformasiya Texnologiyaları fakültəsinin Beynəlxalq Əlaqələr üzrə Koordinatoru, İnformasiya Texnologiyaları və Sistemləri kafedrasının assistenti Sünyəxanım Səlimxanova və İnşaat fakültəsinin Beynəlxalq Əlaqələr üzrə Koordinatoru, Tikinti İstehsalatının Texnologiyası, Təşkili və İdarə Olunması kafedrasının assistenti Gülbadə Abbasova Erasmus+ K171 layihəsi çərçivəsində Türkiyənin Alanya Alaaddin Keykubad Universitetində akademik mobillik proqramında iştirak ediblər.

Səfər zamanı AzMİU əməkdaşları Alanya Alaaddin Keykubad Universitetinin fakültə və kafedralarında keçirilən görüşlərdə iştirak edərək qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər. Onlar tədris prosesinin təşkili, metodik yanaşmalar, dərs materiallarının hazırlanması və müasir tədris üsulları ilə bağlı təcrübələrini bölüşüblər. Həmçinin, universitetin maddi-texniki bazası ilə yaxından tanış olub, tələbələrlə maraqlı görüşlər keçiriblər.

Səfər çərçivəsində Gülbadə Abbasova İnşaat mühəndisliyi ixtisasında təhsil alan tələbələrə Tikinti istehsalatının texnologiyası və Tikintidə smeta işi fənləri üzrə seminarlar keçərək nəzəri və praktiki biliklərini paylaşmışdır. Sünyəxanım Səlimxanova isə Kompüter mühəndisliyi ixtisasının tələbələrinə İnformasiya texnologiyaları fənni üzrə seminar təşkil etmiş, tələbələrə müasir biliklər və təcrübələr təqdim etmişdir.

Bu səfər AzMİU ilə Alanya Alaaddin Keykubad Universiteti arasında əməkdaşlığın möhkəmlənməsinə, eləcə də tədris və tədqiqat sahələrində yeni imkanların yaranmasına zəmin yaratmışdır.

27-11-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]