AzMİU-nun müəllimi iqlim layihələrinin idarəedilməsi ilə bağlı təcrübələrini gənclərlə bölüşüb
Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Eco Hub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyi tərəfindən “İqlim layihələrində iqlim savadlılığı və layihə idarəetməsi üçün kommunikasiyanın gücləndirilməsi: Vətəndaş cəmiyyəti, media və gənclər üçün bacarıqların artırılması” mövzusunda tədbir keçirilib.
Tədbir COP29 Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda baş tutub.
Tədbirin əsas məruzəçilərindən biri Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnnovativ Biznes və İnkubator bölməsinin rəhbəri, Layihələrin idarə edilməsi kafedrasının müəllimi Rasim Abdullayev, “Layihələrin idarəedilməsində trendlər və innovativ yanaşmalar” mövzusunda geniş təqdimatla çıxış edib. O, layihələrin idarə edilməsində müasir metodologiyaların tətbiqi, texnologiyanın bu sahədə oynadığı mühüm rol və səmərəli idarəetmənin layihələrin uğuruna təsiri haqqında iştirakçılara dəyərli məlumatlar verib.
AzMİU-nun müəllimi çıxış zamanı, həmçinin “GPM Global - Yaşıl layihə idarəetməsi” haqqında məlumat verərək bu istiqamətdə sertifikatlaşmanın faydalı olacağını vurğulayıb.
Tədbirin sonunda iştirakçılar ekoloji layihələrdə müasir kommunikasiya və idarəetmə yanaşmalarının tətbiqi ilə bağlı fikir mübadiləsi aparıblar.