Tələbələrimiz plastik tullantıların ekosistemə təsirləri barədə məlumatlandırılıblar
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Nəqliyyat fakültəsi Tələbə Elmi Cəmiyyəti (TEC) tərəfindən "Yaşıl Dünya naminə Plastik Tullantılara Qarşı Həmrəyik!" mövzusunda maarifləndirici seminar keçirilib. Seminar “Yaşıl Dünya naminə Həmrəylik İli" və bir neçə gün sonra Bakıda baş tutacaq COP29 sammitinə həsr olunub.
Seminarın əsas məruzəçisi, Fizika və Kimya kafedrasının müəllimi, Nəqliyyat fakültəsi TEC-nin sədri Rəna Xankişiyeva olub. Məruzəçi COP29-un əsas məqsədi və əhəmiyyəti barədə iştirakçılara məlumat verib. Eyni zamanda plastik tullantıların ətraf mühitə təsirləri, onların utilizasiyası və tullantıların azaldılması üzrə müasir yanaşmaları izah edib.
Tədbirdə həmçinin TEC-in sədri Günel İmamquliyeva plastik tullantıların emalının iqtisadi üstünlükləri və səmərəliliyi mövzusunda çıxış edib.
Sonda iştirakçılar seminar məruzəçilərinə suallar ünvanlayıb, mövzular ətrafında birgə müzakirələr aparılıb.
Təşkilatçılar bu seminarın gənclərdə ekoloji məsuliyyəti gücləndirmək və yaşıl dünya üçün həmrəylik ruhunu möhkəmləndirmək istiqamətində atılan vacib bir addım kimi dəyərləndirib.