Professor G.Məmmədova: "Gənclər dövlətə, millətə və torpağa məhəbbəti şəhid və qazilərimizdən öyrənirlər"


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 8 Noyabr – Zəfər Günü münasibətilə bayram tədbiri keçirilib. 

Bayram tədbirində universitetin rektoru professor Gülçöhrə Məmmədova, prorektorlar, professor-müəllim heyəti, Vətən müharibəsi qaziləri olan tələbələrimiz iştirak ediblər. 

Əvvəlcə Ulu Öndər Heydər Əliyev və vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. 

Açılış nitqi ilə çıxış edən rektor professor Gülçöhrə Məmmədova qazanılan şanlı qələbənin önəmindən bəhs edib, ölkəmizin əldə etdiyi tarixi zəfərin hərtərəfli inkişafın, güclü ordunun və hakimiyyət-xalq birliyinin nəticəsi olduğunu vurğulayıb. O, 44 günlük müharibə zamanı Prezident İlham Əliyevin bəyanatlarını, dünya mediasına verdiyi müsahibələrdə qətiyyətli mövqeyini xatırladıb və qeyd edib ki, həmin dövrdə Prezident İlham Əliyev təkcə Ali Baş Komandan, dövlət başçısı deyil, eyni zamanda böyük diplomat, mahir sərkərdə və mahir siyasətçi olduğunu sərgilədi. Rektor əlavə edib ki, məhz ölkə başçısının bəyanatları, müsahibələri Ermənistan və onun havadarlarının Azərbaycana qarşı yaratdıqları yanlış və neqativ imici darmadağın etdi, Azərbaycanın həqiqətlərinin bütün dünyaya çatdırılmasını təmin etdi.

Bu gün də geosiyasi mərkəzlər, bəzi dövlətlər tərəfindən Ermənistanın Azərbaycana qarşı gücləndirildiyinə diqqət çəkən rektor gəncləri ayıq-sayıq olmağa səsləyib. 

AzMİU-nun və universitetin nəzdində fəaliyyət göstərən İnşaat Kollecinin 50-dən çox tələbə və məzununun şəhid olduğuna diqqət çəkən professor Gülçöhrə Məmmədova onların hər birinin xatirəsinin universitet kollektivi tərəfindən uca tutulduğunu, daim yad edildiyini qeyd edib. Şəhid və qazilərimizin düşmənə qarşı mübarizəsinin gənclərə olan təsirini vurğulayan rektor bunun müsbət hal olduğunu deyib: “Gənclərimiz dövlətə, millətə və torpağa məhəbbəti şəhidlərimizdən və qazilərimizdən öyrənir. Zəfərimizin və suverenliyimizin bərpasının nəticəsi olaraq universitetimizdə fakültələr üzrə mütəmadi olaraq tədbirlər keçirilir ki, gənclərimiz bu dəyərləri dərk etsinlər, onlar bu qələbəni bizə yaşadan şəxsləri daha yaxından tanısınlar, şəhidlərimizdən inam və məhəbbət dərsini alsınlar”. 

Tədbirdə qonaq qismində çıxış edən Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan, xalqımızın əzmkarlığından, dövlət və xalq birliyindən danışıb. Abdulla Qurbani bildirib ki, bu qələbə Azərbaycan tarixində yeni bir səhifə açıb və gələcək nəsillər bu tarixlə hər zaman qürur duyacaq. Tədbirin sonunda polkovnik bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə cansağlığı arzulayıb. 
Sonra söz Vətən Müharibəsi iştirakçısı,  Mexanika və İnformasiya Texnologiyaları fakültəsinin tələbəsi Nemət İmanova verilib. Qazi tələbəmiz Vətən müharibəsində keçdiyi çətin sınaqlardan, dostlarının göstərdiyi qəhrəmanlıqdan bəhs edib.

Tədbir universitetin özfəaliyyət komandasının ifasında səslənən Zəfər mahnıları ilə davam edib. Gənclərin ifasında səslənən hər bir mahnı, vətən sevgisi, şəhidlərin ruhuna hörmət və qələbənin gətirdiyi qürur dolu anları bir daha xatırladıb. Zəfər ruhu ilə dolu bu anlar, tədbirə toplaşanların yaddaşında əbədi iz buraxıb.
 

07-11-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]