AzMİU nümayəndə heyəti Türkiyə universitetləri ilə əməkdaşlıq əlaqələrini genişləndirir
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nümayəndə heyəti Türkiyədə işgüzar səfərdə olub. Əməkdaşlarımız qardaş Türkiyənin nüfuzlu universitetlərinin rəhbər şəxsləri ilə görüşüb, faydalı müzakirələr aparıb.
Səfərin əsas məqsədi AzMiU ilə Türkiyə universitetləri arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq layihələrdə iştirak, tələbə-müəllim mübadiləsi və birgə elmi fəaliyyətlərin genişləndirilməsi məsələləri olub.
Elmi-tədqiqat şöbəsinin müdiri Reyhan Əkbərli, Xarici əlaqələr şöbəsinin müdir müavini Könül Şirinova səfər çərçivəsində Selçuk, Necmettin Erbakan, Konya Teknik, Qazi, Hacettepe, Orta Doğu Texniki, Ankara, İzmir Yüksək Texnologiya, Ege, Bakırçay və Dokuz Eylül universitetlərinin rəhbər şəxsləri ilə görüşlər keçirib, müxtəlif sahələr üzrə əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Tərəflər arasında elm və tədris sahəsində əməkdaşlığı nəzərdə tutan bir sıra mühüm məsələlər müzakirə olunub. Bu müzakirələrə tələbə və müəllim mübadiləsi, birgə konfranslar, seminarlar və vorkşopların təşkili, ikili diplom proqramlarının tətbiqi, qrant layihələrində iştirak, birgə elmi məqalələrin nəşri və startap layihələrinin həyata keçirilməsi kimi məsələr şamil edilib.
İşgüzar görüşlərdə AzMİU və Türkiyə universitetləri arasında əməkdaşlıq müqavilələrinin imzalanması, xüsusilə də Erasmus+, Orhun Mübadilə Proqramı və digər beynəlxalq layihələrdə iştirak istiqamətində bir sıra addımlar atılıb. Universitetlər arasında qarşılıqlı tanınma və akademik əlaqələrin genişləndirilməsi məqsədilə görülməli işlərdən danışılıb.
Bildirək ki, bu səfər AzMİU-nun beynəlxalq əlaqələrini möhkəmləndirmək və təhsil sahəsində qlobal əməkdaşlıqları daha da genişləndirmək istiqamətində mühüm irəliləyişdir.