AzMİU-nun professoru COP29-da su təhlükəsizliyi ilə bağlı panel müzakirədə çıxış edib


Bakıda davam edən COP29 İqlim Dəyişikliyi Konfransı çərçivəsində “İqlim Məsələsi: Su” mövzusunda panel müzakirə baş tutub.  Yaşıl Zonanın Davamlı Gələcək Platformasında gerçəkləşən panel müzakirəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri professor Nurməmməd Məmmədov da yer alıb.

Nurməmməd Məmmədovla yanaşı panel müzakirəyə ARC Su Enerji A.Ş. İdarə Heyətinin sədri Alkan Canbay, Boğaziçi Universitetinin professoru və İqlimBU-nun direktoru professor Levent Kurnaz, ADA Universitetinin baş məsləhətçisi Hacər Hüseynova məruzəçi qismində qatılıb. 

Müzakirələrdə iqlim dəyişikliyinin su ehtiyatlarına təsiri, davamlı su idarəetmə strategiyaları və su təhlükəsizliyi ilə bağlı həll yollarından söhbət açılıb.

Professor Nurməmməd Məmmədov “Azərbaycanın su təhlükəsizliyinin təmin olunmasının prioritet istiqamətləri” mövzusunda çıxış edərək, iqlim dəyişikliyi şəraitində Azərbaycanın su ehtiyatlarının qorunması və səmərəli istifadəsinə dair prioritetləri təqdim edib. O, su təhlükəsizliyinin regional və qlobal əhəmiyyətini xatırladıb, bu sahədə həyata keçirilən tədbirlər və gələcək planlar barədə iştirakçıları məlumatlandırıb. 

Professorun çıxışı böyük maraqla qarşılanıb.  Panel sessiyası sual-cavab, geniş müzakirələrlə davam edib. 

Tədbir, iqlim dəyişikliyi ilə bağlı ekoloji çağırışlara dair innovativ həllərin qiymətləndirilməsi və beynəlxalq təcrübə mübadiləsi üçün böyük imkanlar yaradıb.

19-11-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]