AzMİU-nun müəllimləri Yaşıl Zonada su təhlükəsizliyi və resursların səmərəli idarə olunması sahəsində müzakirələrə qoşulub


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Melorasiya və su təsərrüfatı tikintisi kafedrasının əməkdaşları ölkəmizin ev sahibliyi etdiyi qlobal tədbir COP29 beynəlxalq iqlim dəyişilliyi konfransında iştirak ediblər.  AzMİU əməkdaşları ilə bərabər konfransa universitetdə ezamiyyətdə olan Qazaxıstan Respublikasının müəllimləri də qatılıb.

Onlar COP29-un Sədrliyi tərəfindən təşkil olunan Yaşıl Zonanı ziyarət edib, müxtəlif tədbirlərdə iştirak ediblər. Tədbirlər zamanı dayanıqlı inkişaf, su təsərrüfatının idarə edilməsi və iqlim dəyişikliyi kimi mühüm mövzularda müzakirələr aparılıb, təcrübə mübadiləsi həyata keçirilib. Bu zonada keçirilən sərgilər və müzakirə panelləri hər kəs kimi əməkdaşlarımıza da yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanlarını genişləndirmək üçün yeni perspektivlər açıb.

AzMİU əməkdaşlarının bu mötəbər tədbirdə iştirakı universitetin beynəlxalq əlaqələrinin möhkəmlənməsinə, su təhlükəsizliyi və resursların səmərəli idarə olunması sahəsində elmi biliklərin inkişafına mühüm töhfə verib. Universitet əməkdaşlarının fəallığı, dayanıqlı inkişaf və iqlim dəyişikliyi ilə bağlı mövzularda aparılan müzakirələrdə iştirakı onların qlobal problemlərin həllində fəal rol oynadığını bir daha sübut edib.

Bildirək ki, ölkəmizin yüksək səviyyədə təşkil etdiyi COP29, Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişikliyi ilə bağlı qlobal problemləri müzakirə etmək üçün yaratdığı nüfuzlu platformadır. Dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələr iqlim dəyişmələri, ekoloji problemlər və dayanıqlı inkişafla bağlı fikir mübadiləsi apararaq birgə həll yolları axtarırlar.

19-11-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]