AzMiU Minskdə keçirilən “Universitet kitabxanalarının idarə edilməsi” adlı beynəlxalq konfransda təmsil olunub


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elektron kitabxana şöbəsinin müdiri Aytən Rəhmanova Belarusun paytaxtı Minsk şəhərində keçirilən “Universitet kitabxanalarının idarə edilməsi” adlı XXIV beynəlxalq elmi-praktik konfransda iştirak edib.

Belarus Dövlət Universitetinin təşkilatçılığı ilə baş tutan konfransa Belarus, Rusiya, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Çindən 200-dən çox mütəxəssis qatılıb. 

Konfrans kitabxanaların müasir idarəetmə yanaşmaları, rəqəmsal transformasiya və süni intellektin tətbiqi kimi aktual mövzuları əhatə edib.

Konfrans çərçivəsində rəqəmsal həllər, elektron resursların universitetlərin rəqəmsal mühitində rolu, süni intellektin kitabxanalarda istifadəsi və təhsil sisteminə inteqrasiyası, həmçinin mütəxəssislərin ixtisasartırma məsələləri geniş müzakirə olunub.

Aytən Rəhmanova AzMİU-nu təmsil edərək, “İnformasiya texnologiyaları və kitabxanalar: XXI əsrdə inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə müasir kitabxana idarəetməsində informasiya texnologiyalarının tətbiqinin zəruriliyi, rəqəmsal resursların əhəmiyyəti və süni intellekt alətlərindən effektiv istifadə yolları haqqında fikirlər təqdim olunub.

Üç gün davam edən konfransda iştirakçılar, həmçinin süni intellektin tədris və elmi fəaliyyətlərdə istifadəsi zamanı yaranan risklər və imkanlar, universitetlərin beynəlxalq reytinqlərdə irəliləməsi üçün tətbiq edilən alətlər kimi məsələlər üzərində fikir mübadiləsi aparıblar.

21-11-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]