AzMİU-da kibertəhlükəsizlik dərslərinə başlanılıb


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən İT Klubu tərəfindən kibertəhlükəsizlik dərslərinə başlanılıb. Müasir dövrün ən vacib texnoloji sahələrindən biri olan kibertəhlükəsizlik mövzusunda tələbələrin bilik və bacarıqlarını artırmaq məqsədilə təşkil olunan bu dərslər, kibertəhlükələrin qarşısını almaq və onlara qarşı mübarizə aparmaq sahəsində iştirakçıları nəzəri və praktiki biliklərlə təmin etməyi hədəfləyir.

Kurs çərçivəsində tələbələrə kibertəhlükəsizliyin əsas prinsipləri, təhlükəsizlik proqramlarının işləmə mexanizmləri, məlumatların qorunması və təhlükəsizlik alətlərinin tətbiqi ilə bağlı geniş məlumat verilir. Eyni zamanda, dərslər zamanı tələbələr real dünya təcrübələrindən və simulyasiyalardan istifadə edərək kibertəhlükəsizlik sahəsində müvafiq bacarıqları inkişaf etdirəcək, müxtəlif təhlükəsizlik məsələlərinə həll yolları tapmağa çalışacaqlar.

Bu dərslərin məqsədi yalnız fərdi məlumatların qorunmasını təmin etmək deyil, həmçinin dövlət və korporativ məlumatların təhlükəsizliyinin təmin edilməsinin əhəmiyyətini gənclərə aşılayaraq, gələcəkdə kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış mütəxəssislərin yetişməsinə dəstək olmaqdır. Bu təşəbbüs, həmçinin tələbələrin müasir İT texnologiyalarına dair praktiki təcrübələr əldə etmələrinə imkan yaradacaq.
 

06-11-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]