Fərhad Əliyev COP29-da iqlim dəyişikliyi, təmiz və davamlı enerji təchizatı mövzusunda çıxış edəcək


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Xarici əlaqələr şöbəsinin müdiri, Ekologiya kafedrasının baş müəllimi dosent Fərhad Əliyev 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında (COP29) məruzə ilə çıxış edəcək. Fərhad Əliyevin çıxışı “Azərbaycanda iqlim dəyişikliyi fonunda təmiz və davamlı enerji təchizatı” mövzusuna həsr olunacaq. O, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə sahəsində apardığı siyasətə, eləcə də ölkəmizdə təmiz və davamlı enerji təchizatı istiqamətində görülən mühüm işlərə diqqət çəkəcək.

Bildirək ki, Fərhad Əliyev Amerika Birləşmiş Ştatlarının nüfuzlu Miami Universitetində davamlı enerji təchizatı mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək PhD dərəcəsi alıb. Onun tədqiqatları, iqlim dəyişikliyi ilə mübarizədə təmiz enerji mənbələrinə keçidin, dayanıqlı enerji təminatının əhəmiyyəti və təbii fəlakətlərin təsirlərinə qarşı hazırlıq və reaksiya sistemlərinin gücləndirilməsinin vacibliyini vurğulayır.
 

05-11-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]