Elmi Şurada imtahanların, buraxılış işlərinin və magistr disertasiyalarının nəticələri müzakirə edilib
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Elmi Şurasının növbəti iclası keçirilib. Elmi Şuranın sədri, universitetin rektoru professor Gülçöhrə Məmmədova iclası açıq elan edərək, gündəlikdə duran məsələlər barədə şura üzvlərinə məlumat verib.
İclasın gündəliyinə əsasən, öncə “2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının, buraxılış işlərinin və magistr dissertasiyalarının yekun nəticələri” ilə bağlı hesabat təqdim olunub. Tədris işləri üzrə prorektor professor Akif Qasımovun təqdimatında, sessiyanın ümumi nəticələri, buraxılış işlərinin keyfiyyəti və magistr dissertasiyalarının müdafiə göstəriciləri barədə ətraflı məlumat verilib. Qeyd edib ki, bu semestr keçirilən imtahan sessiyasında tələbələrin ümumi nailiyyət səviyyəsi əvvəlki illərlə müqayisədə yüksək olub və akademik nəticələrdə müsbət dinamika müşahidə edilib.
Sonra Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri professor Nurməmməd Məmmədov “Elmi Şuranın may-sentyabr tarixlərində keçirilən iclasların qərarlarının yerinə yetirilməsi” barədə hesabatı dinlənilib. O, bildirib ki, qeyd olunan müddətdə Elmi Şuranın qərarlarının icrası istiqamətində bir sıra mühüm addımlar atılıb, o cümlədən tədris keyfiyyətinin yüksəldilməsi, laboratoriya və texniki baza imkanlarının genişləndirilməsi, tələbələr üçün daha əlverişli öyrənmə mühiti yaradılması məqsədilə bir sıra islahatlar həyata keçirilib.
Hesabatlardan sonra məruzəçilərin də iştirakı ilə geniş müzakirə təşkil olunub. Müzakirələr zamanı səsləndirilən təkliflər və iradlar əsasında rektor professor Gülçöhrə Məmmədova tərəfindən müvafiq tapşırıq və tövsiyələr verilib. Sonda hər iki hesabat Elmi Şura üzvlərinin yekdil səsverməsi ilə qəbul edilib.
Cari məsələlərdə isə akkreditasiya qiymətləndirilməsinin nəticəsi olaraq Akkreditasiya Komissiyasının yekun hesabatında verdiyi tövsiyə və göstərilən iradların icrasına dair hesabat, cari ildə həyata keçirilən “Code For Future” layihəsi, ailə vəziyyətinə görə tələbələrə akademik məzuniyyətin verilməsi, “Dəniz neft-mədən qurğularının korroziyadan elektrokimyəvi katod mühafizə sistemi” adlı monoqrafiyaya qrif verilməsi barədə müzakirələr aparılıb.