Dizayn fakültəsinin əməkdaşı Huçjou Universitetində səfərdə olub
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Dizayn fakültəsinin beynəlxalq əlaqələr üzrə koordinatoru İlkanə Səmədova Huçjou Universitetinin dəvəti ilə Çində işgüzar səfərdə olub. Konfutsi İnstitutu tərəfindən təşkil olunan müxtəlif görüşlərdə iştirak edən İlkanə Səmədova Huçjou Universitetinin təhsil sahəsində innovativ təcrübələri ilə yaxından tanış olub.
Səfər Huçjou Universitetinin təhsil proqramlarının, o cümlədən dizayn tədrisi üzrə fərqli yanaşmaların öyrənilməsi və dəyərləndirilməsi məqsədi daşıyıb. İlkanə Səmədova, o cümlədən birgə elmi multikultural tədqiqatların həyata keçirilməsi istiqamətində müzakirələr aparıb. Bu tədqiqatların iki universitet arasında əlaqələrin dərinləşməsinə, eləcə də tələbə və müəllimlər üçün yeni perspektivlər açılmasına xidmət edəcəyi bildirilib.
Bundan başqa, AzMİU-da Çin dili və mədəniyyətinin tədrisi metodikasını inkişaf etdirmək üçün Huçjou Universiteti ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində ilkin addımlar atılıb. Səfərin hər iki universitet üçün qarşılıqlı faydalı olması, tələbə mübadiləsi və mədəniyyətlərin bir-birinə inteqrasiyası baxımından böyük əhəmiyyət kəsb etdiyi qeyd olunub.
İlkanə Səmədova Huçjou Universitetində AzMİU haqqında geniş təqdimatla çıxış edib. O, universitetimizin akademik fəaliyyəti, beynəlxalq əlaqələri, tələbələr üçün təhsil imkanları, universitetin strateji inkişaf istiqamətləri, dünya reytinqində mövqeyi barədə ətraflı məlumat verib.
Səfərdə əməkdaşımızla yanaşı, Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutu, Bakı Musiqi Akademiyasından nümayəndələr də iştirak ediblər.
Azərbaycan nümayəndələri rəsmi görüşlərdən sonra Huçjou şəhərinin bir sıra orta, ibtidai məktəb və məktəbəqədər təhsil müəssisələrində olublar, ingilis dili, xəttatlıq, Çin musiqisi, kulinariya, ənənəvi dekorativ-tətbiqi sənət üzrə açıq dərslərdə iştirak ediblər. Eyni zamanda, Huçjou çay fabrikində məşhur Ağ çayın istehsalının texnoloji prosesini yaxından izləyiblər. Huçjou Universitetinin Xəttatlıq Muzeyi və Kitabxanasının tədqiqat, mədəni-maarif və təhsil fəaliyyəti ilə tanış olub, Anji ekoloji ərazisi, mənzərəli Taihu gölünü ziyarət edib, tarixi Tiananmen meydanındakı Çin Milli Muzeyi və Böyük Çin Səddini gəziblər.