AzMİU tələbələrinin buraxılış işləri beynəlxalq müsabiqədə qalib oldu


Rusiyanın Yekaterinburq şəhərində buraxılış işlərinin XXXIII Beynəlxalq baxış-müsabiqəsi (MOOSAO) keçirilib.

Beynəlxalq müsabiqədə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq və Dizayn fakültələrində təhsil alan tələbələrinin seçmə buraxılış işləri də yer alıb. Bu il keçirilən baxış-müsabiqədə, 50 təhsil müəssisəsindən ümumilikdə 800-ə yaxın iş nümayiş olunub. 

Müsabiqədə AzMiU-nu Dizayn fakültəsinin dekanı Fərid Kərimov, Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının baş müəllimi İlqar Əliyev təmsil ediblər.AzMİU tərəfindən seçilmiş ən yaxşı buraxılış işləri beynəlxalq jüri heyətinə təqdim olunub.

Yarışmanın nəticələrinə əsasən, memarlıq ixtisası üzrə 12 iş I dərəcəli, 10 iş II dərəcəli və 2 iş III dərəcəli diplomlara layiq görülüb. Dizayn ixtisası üzrə isə 4 iş I dərəcəli və 3 iş II dərəcəli diplomlarla təltif olunub. Bundan əlavə, 9 iş fərqlənmə diplomları ilə mükafatlandırılıb ki, bu da AzMİU tələbələrinin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bir daha sübut edir.

Məlumat üçün qeyd edək ki, AzMİU-nun bu baxış-müsabiqəyə qatılmaq ənənəsi artıq uzun illərə dayanır. Müsabiqənin əsası keçən əsrin 60-cı illərinə təsadüf edir və 60-a yaxın ali təhsil müəssisəsini bir araya gətirərək, beynəlxalq səviyyədə təcrübə mübadiləsi üçün mühüm platforma yaradır. AzMİU-nun bu ənənəvi iştirakının məqsədi, tələbələrin beynəlxalq arenada öz bacarıqlarını sərgiləmək, müasir memarlıq və dizayn tendensiyalarını öyrənmək, eyni zamanda Azərbaycanın təhsil sahəsindəki uğurlarını dünyaya tanıtmaqdır.

Bildirək ki, beynəlxalq baxış-müsabiqədə tələbələrin qazandıqları nailiyyətlər, onların peşəkar inkişafına töhfə verməklə yanaşı, universitetin beynəlxalq nüfuzunu da artırır. Gələcəkdə AzMİU, tələbələrini bu kimi mühüm tədbirlərdə daha geniş iştirak etməyə və uğurlarını davam etdirməyə təşviq edir.
 

05-11-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]