Universitetimizdə COP29-a həsr olunmuş "EcoArt" adlı rəsm sərgisi keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatının (TGT) CreArt Mədəniyyət Klubları Şəbəkəsi və onun tərkibində fəaliyyət göstərən Gənc Rəssamlar Dərnəyinin təşəbbüsü ilə COP29-a həsr olunmuş "EcoArt" adlı tələbə işlərindən ibarət rəsm sərgisi keçirilib.
Tələbələr öz əsərləri vasitəsilə ekologiyanın, yaşıl texnologiyaların və təbii ehtiyatların düzgün istifadəsinin vacibliyini vurğulayan təsirli mesajlar ötürüblər.
Tədbirin açılışında Tarix Muzeyinin direktoru Gülmira Məmmədova çıxış edərək COP29 mövzularının bu cür bədii tədbirlərdə işıqlandırılmasının əhəmiyyətini qeyd edib və gənclərin ekoloji mövzulara sənət vasitəsilə yanaşmasının mühüm bir töhfə olduğunu vurğulayıb.
Su Təsərrüfatı və Mühəndis Kommunikasiya Sistemləri fakültəsinin dekan əvəzi Elgiz Həsənov isə çıxışında universitetin gəncləri ekoloji məsələlərə həssas yanaşmağa təşviq etməsinin əhəmiyyətini qeyd edərək, bu cür sərgilərin həm gənclər, həm də geniş ictimaiyyət üçün böyük maarifləndirici rol oynadığını bildirib.
Dekan müavini Hamlet Əliyev isə tələbələrin sərgidə nümayiş etdirdikləri əsərlərin dərin məna daşıdığını vurğulayıb və onların bu cür təşəbbüslərinin gələcəkdə daha geniş şəkildə dəstəklənəcəyini qeyd edib.
TGT sədr müavini Cəbrayıl Orucov isə Tələbə Gənclər Təşkilatının əsas məqsədlərindən birinin gənclərin sosial və ekoloji məsuliyyətlərini artırmaq olduğunu söylədi və bu sərginin COP29-a həsr olunmasının əhəmiyyətindən danışıb.