Əcnəbi dillər kafedrasının müəllimləri Atırau Dövlət Universitetində səfərdə olub
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Əcnəbi dillər kafedrasının müəllimləri Afaq Xasayeva, Günay Əsədova, Nigar Əbilova və Günel Cəlilova Orhun mübadilə proqramı çərçivəsində Qazaxıstanın X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində olub. Bu səfər, təhsil sahəsində bilik və təcrübə mübadiləsini həyata keçirmək və qarşılıqlı əməkdaşlıq imkanlarını gücləndirmək məqsədi daşıyıb.
Səfər proqramı çərçivəsində AzMİU təmsilçiləri Atırau Dövlət Universitetinin Xarici Dillərin Tədrisi Metodikası, Tərcümə işi və Xarici Dillər kafedralarının rəhbər heyəti ilə görüşüb, tədris metodikaları, yenilikçi üsullar və qarşılıqlı əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi aparıblar.
Əməkdaşlarımız, həmçinin universitet haqqında geniş təqdimatla çıxış ediblər. Tələbələr və müəllim heyəti AzMİU-ya böyük maraq göstərərək, gələcəkdə bu ali təhsil ocağı ilə əlaqələrin genişləndirilməsini arzuladıqlarını bildiriblər.
AzMİU təmsilçiləri səfər müddətində Atırau Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, fakültə dekanları və digər əməkdaşları ilə də görüşüblər. Bu görüşlərdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, birgə elmi araşdırmaların aparılması və tələbə mübadilə proqramlarının inkişaf etdirilməsi mövzuları müzakirə edilib.
Bundan başqa, AzMİU-nun Əcnəbi Dillər kafedrasının müəllimləri 2014-cü ildə Baş Konsulluq tərəfindən yaradılmış Azərbaycan Tarix və Mədəniyyət Mərkəzində olublar.
Bildirək ki, Orhun mübadilə proqramı müxtəlif ölkələrin ali təhsil ocaqları arasında akademik mübadiləni təşviq edən və beynəlxalq əməkdaşlığı gücləndirən bir platformadır. Proqram, iştirakçılara müxtəlif mədəniyyətləri tanımaq və fərqli təhsil metodları ilə tanış olmaq imkanı yaradır.