“Gələcəyə qarşı cinayət” videoçarxının təqdimat mərasimi keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin təşkilatçılığı ilə “Qərbi Azərbaycanda azərbaycanlıların qəbiristanlıqlarının dağıdılması” layihəsi çərçivəsində hazırlanan “Gələcəyə qarşı cinayət” adlı videoçarxın təqdimatı keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açılıb. Tədbirin girişində “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin sədri Etibar Məmmədov çıxış edərək layihənin məqsədlərindən və əhəmiyyətindən bəhs edib. O, qeyd edib ki, bu layihə Qərbi Azərbaycanda tarixi Azərbaycan məzarlarının və qəbiristanlıqlarının məqsədyönlü şəkildə dağıdılmasını, milli yaddaşımıza vurulan zərərləri və bunun Azərbaycan mədəni irsinə təsirini üzə çıxarmağı hədəfləyir. Videoçarxın nümayişindən sonra tədbir iştirakçıları layihənin əhəmiyyətini vurğulayan məruzələrini təqdim ediblər.
Daha sonra Azərbaycan Memarlıq və İnşaat Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Şahmar Rəfili çıxış edib. O, Azərbaycanın mədəni irsinin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib. Qərbi Azərbaycandakı tarixi abidələrin, məzarların və qəbiristanlıqların dağıdılmasının yalnız Azərbaycan xalqının deyil, ümumilikdə bəşəriyyətin mədəni irsinə vurulan zərbə adlandırıb. Şahmar Rəfili, həmçinin bu cür layihələrin gənc nəslin tariximizə və mədəniyyətimizə bağlılığının göstəricisi olduğunu deyib.
Millət vəkilləri Pərvin Kərimzadə, Naqif Həmzəyev və Günay Ağamalının da çıxışları dinlənilib.
Sonda tədbir iştirakçıları layihənin davamlı şəkildə ictimaiyyətə və beynəlxalq arenaya çatdırılmasının vacibliyinə toxunublar.