II Zəfər İdman Festivalı: Gənclər idmanda qələbə ruhunu yaşadır
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “II Zəfər İdman Festivalı”na start verilib. 8 universitetdən 600-dən çox tələbənin iştirak etdiyi festivalda müxtəlif idman növlərində yarışlar təşkil olunacaq. Festival tələbələrin idman vasitəsilə sağlam rəqabət aparmaları və zəfər ruhunu birgə yaşaması baxımından önəmli rol oynayacaq.
Açılış mərasimində çıxış edən AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili festivalın gəncləri bir araya gətirmək, onları idmanda yeni zirvələrə çatdırmaq üçün yaradılan unikal fürsət olduğunu vurğulayıb. O bildirib ki, bu cür tədbirlər gənclərin birlik və qələbə ruhunu artırmaqla yanaşı, onların müsbət rəqabət şəraitində fiziki və mənəvi inkişafına da təkan verir. Tədris işləri üzrə prorektor professor Akif Qasımov da açılış nitqində universitetin tələbələrə hərtərəfli dəstəyini qeyd edib və belə tədbirlərin gənclərin həm təhsil, həm də idman sahəsində uğurlarını artırdığını nəzərə çatdırıb.
ATİAHİK katibi Renata Mansurova və Milli Olimpiya Komitəsinin əməkdaşı, əməkdar jurnalist Aslan Şirəliyev festivalın önəmini vurğulayan çıxışları ilə tələbələrə ruh yüksəkliyi veriblər. Onlar vurğulayıblar ki, bu festival təkcə idman yarışları deyil, həm də tələbələrin həyat təcrübələrini zənginləşdirən, həmrəyliyi artıran və dostluğu gücləndirən bir tədbirdir. Festival müddətində tələbələr futbol, voleybol, basketbol, güləş və digər idman növlərində öz bacarıqlarını nümayiş etdirəcəklər.
Festivalın sonunda qalib gələn komandalar və fərdi iştirakçılar diplom və mükafatlarla təltif olunacaq.
Qeyd edək ki, “II Zəfər İdman Festivalı” universitetlərarası əlaqələri möhkəmləndirərək, gənclər arasında dostluq, əməkdaşlıq və qələbə ruhunu daha da gücləndirir, idmanın birləşdirici gücünü bir daha ön plana çıxarır.