AzMİU əməkdaşları məktəblilərlə görüşüb
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nümayəndələri, təbliğat-təşviqat kampaniyası çərçivəsində Biləsuvar və Cəlilabad rayonlarında yuxarı sinif şagirdləri ilə görüşərək universitetin təhsil imkanlarını tanıdıblar. Bu səfər AzMİU-nun müxtəlif ixtisaslarını və kadr potensialını gələcək tələbələrə çatdırmaq məqsədi daşıyıb.
İlk tədbir Mübariz İbrahimov adına lisey-məktəb kompleksində baş tutub və burada 300-dən çox XI sinif şagirdi iştirak edib. Görüşdə Nəqliyyat fakültəsinin dekan müavini Etibar Quliyev, Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri İslam Mustafayev, müəllim Emil Qafarov, Geodeziya və geomatika kafedrasının baş müəllimi Ramal Dənziyev şagirdlər qarşısında çıxış ediblər.
Nümayəndələr, AzMİU-nun fakültələrinin əsas tədris istiqamətləri, beynəlxalq əməkdaşlıqları, ikili diplom proqramları və karyera perspektivləri barədə dolğun məlumat veriblər.
Növbəti görüş Cəlilabad rayonunun məktəbliləri ilə keçirilib və burada da AzMİU-nun ixtisasları və texniki imkanları haqqında ətraflı məlumatlar şagirdlərə çatdırılıb. Universitetin əsasən sənaye və iqtisadiyyat sahəsində qabaqcıl ixtisasları tanıdılıb və şagirdlərin sualları cavablandırılıb.
AzMİU nümayəndələri, həmçinin “Yaşıl dünya naminə həmrəylik ilində COP29-a doğru” mövzusunda şagirdlərlə interaktiv disputlar təşkil edərək onları ətraf mühitin qorunması və dayanıqlı inkişaf haqqında məlumatlandırıblar.
Qeyd edək ki, AzMİU hər il Bakı və bölgələrdə məktəblilərlə maarifləndirici görüşlər keçirir, iqtisadiyyat və sənaye sahələrində ən qabaqcıl ixtisaslarını məktəblilərə tanıdaraq onların universitet seçiminə dəstək olur. Bu il də həmin ənənəyə sadiq qalaraq növbəti qəbul imtahanlarında abituriyentlərə dəstək olmağa çalışır.