Memarlıq fakültəsinin şəhid məzunu Ramil Ağayevin xatirəsi əbədiləşdirilib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin məzunu, 44 günlük Vətən müharibəsi şəhidi Ramil Ağayevin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Tədbirdə şəhidin anası Şəhla Ağayeva, atası Ağarəhim Ağayev, həyat yoldaşı Lamiyə Ağayeva, universitet rəhbərliyi, qrup yoldaşları, müəllimlər və tələbələr iştirak edib.
Anım tədbirinin ilk hissəsində qonaqlar Memarlıq fakültəsinin birinci mərtəbəsində Ramil Ağayev və Birinci Qarabağ müharibəsində şəhid olan tələbə Fuad Əsədovun xatirəsinə həsr edilən qorelyefin önünə qərənfillər düzüblər. Hər iki şəhidin simasında vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən igid oğullarımızın xatirəsini ehtiramla anıblar.
Növbəti hissədə şəhid Ramil Ağayevin adına yaradılmış studiyanın açılışı olub. Studiyanın qapısında Ramil Ağayevin adını əks etdirən lövhə yerləşdirilib, otağın daxilində isə onun həyat və döyüş yolunu əks etdirən posterlər və qərənfillərlə bəzədilmiş xatirə guşəsi qurulub.
Tədbir çərçivəsində şəhid haqqında məlumatları özündə əks etdirən slayd təqdim olunub, tələbələrin ifasında vətənpərvərlik mövzusunda musiqilər səsləndirilib. Anım tədbiri daha sonra İtaliya – Azərbaycan Dizayn Mərkəzində davam edib.
Çıxışlarda Memarlıq fakültəsində məzun şəhidimiz Ramil Ağayevin adını daşıyan studiyanın onun qəhrəmanlıq dolu həyatını və tələbəlik dövründəki arzularını gələcək nəsillərə çatdırmaq üçün yaddaş simvolu olacağını bildiriblər. Ramil Ağayev kimi şəhidlərimizin sayəsində qazanılan qələbənin əhəmiyyətinə diqqət çəkib, onların tanıdılması, əziz xatirələrinin yaşadılması, adlarının daima uca tutulması üçün dövlətimiz tərəfindən görülən işləri xatırladıblar.
Bildirək ki, Ramil Ağayev Vətənin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksələrək Sabirabad rayonunda torpağa tapşırılıb. Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.