"BrainStorming” – Tələbələrimiz ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi və dayanıqlı inkişafla bağlı biliklərini artırıb


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri arasında "COP-29: Dayanıqlı Şəhərsalma və Ekoloji Çağırışlar" adlı forum çərçivəsində iki hissəli "BrainStorming" keçirilib.

Su Təsərrüfatı və Mühəndis Kommunikasiya Sistemləri fakültəsinin təşkilatçılığı ilə keçirilən "BrainStorming" tədbirinin ilk hissəsi layihə yarışı, ikinci hissəsi isə intellektual yarış formatında baş tutub.

İlk hissədə tələbələr komandalara bölünərək ekoloji problemlərə innovativ həllər tapmaq məqsədilə layihə yarışında iştirak ediblər. Hər qrup müasir texnologiyalardan, dayanıqlı inkişaf prinsiplərindən və yerli ekosistemlərin xüsusiyyətlərindən istifadə edərək, su ehtiyatlarının qorunması, tullantıların azaldılması və təbiətin mühafizəsi üzrə fərqli ideyalar təqdim ediblər. Müsabiqə zamanı tələbələrin yaradıcılıq potensialı, əməkdaşlıq bacarıqları və liderlik xüsusiyyətləri ön plana çıxıb.

Layihənin ikinci hissəsi isə intellektual yarış formatında keçirilib. Burada tələbələr ekoloji biliklərini sınayıb. Onlar müasir ekoloji problemlər üzrə suallara cavab verib, fərdi və qrup şəklində müxtəlif mövzulara dair müzakirələr aparıblar. Beləliklə ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi və dayanıqlı inkişaf haqqında biliklərini artırıblar. Müsabiqənin sonunda qaliblər müəyyən edilib və onlara mükafatlar təqdim olunub.

İki hissəli "BrainStorming" tədbiri tələbələr arasında ekoloji şüurun artırılması, yaradıcılığın stimullaşdırılması və gənc nəsilin ekoloji problemlərə olan münasibətinin formalaşdırılması məqsədini özündə əks etdirib. Tələbələr, COP29-un əhəmiyyətini daha dərindən anlamaqla yanaşı, ekoloji məsələlərə yaradıcı yanaşma imkanı qazanıblar.

Xatırladaq ki, belə tədbirlər, gənclərin ekoloji fəaliyyətə cəlb edilməsi və onların bu sahədə aktiv iştirakının artırılması baxımından mühüm rol oynayır.

21-10-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]